Ağdam rayonunun işğaldan azad olunan Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində tikinti işlərinə start verilib.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, əvvəlcə ərazi minalardan təmizlənib, tikinti üçün hazır vəziyyətə gətirilib.
Xıdırlı kəndində aparılan inşaat işləri digər kəndlərdəki kimi, 4 mərhələdən ibarət olacaq.
Birinci mərhələdə 2951 nəfərin kəndə köçürülməsi üçün 719 fərdi ev tikiləcək. Evlərin 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, 3-ü isə beşotaqlı olacaq. Xıdırlı kəndində inşa edilən evlər otaq sayından asılı olaraq bir və iki mərtəbədən ibarət olacaq. Kəndlərin inşasında yerli tikinti materiallarından, o cümlədən Şahbulaq karxanasında istehsal edilən ağ daşlardan istifadə edilir.
Ümumiyyətlə, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 1500 ailədən ibarət, 5 990 nəfərin məskunlaşması planlaşdırılır.
Qeyd edək ki, Ağdam rayonunda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır.
Xatırladaq ki, ötən il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin təməlləri qoyulub.