Bu ilin yanvar-oktyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə konteyner yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 45 % artıb.
"Report" "Azərbaycan Dəmir Yolları" QSC-nin törəməsi - "ADY Konteyner" MMC-yə istinadən xəbər verir ki, bunu şirkətin direktoru Natiq Cəfərov Türkiyənin İstanbul şəhərində keçirilən 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi çərçivəsində keçirilən toplantıda bildirib.
"ADY Konteyner" Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvlərindən biridir.
N.Cəfərov Orta dəhlizlə daşımaların dinamikasını əks etdirən təqdimatla çıxış edib. O, bildirib ki, yeni geosiyasi vəziyyətdə ölkəmiz Çin-Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunu artırıb, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrilib.
Toplantıda marşrutun imkanlarının genişləndirilməsi müzakirə edilib, Xəzər dənizindən keçən hissədə nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə təşkil edilən fider xidmətlərinin önəmi vurğulanıb.