Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 91 nömrəli müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır.
"Report" AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, paytaxtın Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən avtobus marşrutunun müvəqqəti istismarçısına xəttin nizamlı fəaliyyəti, sərnişindaşıma qaydalarına riayət olunması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Ötən həftə sözügedən marşrut üzrə fəaliyyət göstərən avtobusun zədələnmiş şüşə ilə idarə olunması da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Bütün bunlar nəzərə alınaraq, marşrut müsabiqəyə təqdim edilib.
"AYNA keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətin göstərilməsi ilə bağlı bir daha daşıyıcılara çağırış edərək, səlahiyyətlərində olan avtobus parkının saz və müasir nəqliyyat vasitələri ilə təmin olunmasını tövsiyə edir", - deyə agentlik bəyan edib.