Çindən yola salınan 2024-cü ilin ilk konteyner blok qatarı Azərbaycana çatıb.
Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteyner” MMC-dən bildirilib.
Məlumata görə, Çinin Sian şəhərindən çıxan blok qatarı artıq Bakı limanındadır. Konteynerlər çox qısa müddətə, cəmi 11 günə Azərbaycana çatdırılıb. Yüklər Qazaxıstanın Aktau limanından Ələt limanına Qazaxıstanın “Berkut” fider gəmisi vasitəsilə gətirilib.
Qatar 55 konteynerdən ibarətdir. Hər biri 40 futluq olan konteynerlərdə ölkəmizə elektromobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb.
Konteynerlər Abşeron Logistika Mərkəzində sifarişçilərə təhvil veriləcək.
Yaxın günlərdə Siandan Bakıya daha bir konteyner blok qatarı yola salınacaq.
“ADY Konteyner” konteyner blok qatarlarının təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı davam etdirir.