“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsində 13 ölkə iştirak edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin Beynəlxalq Sibir Nəqliyyat Forumunun plenar iclasında videobağlantı vasitəsilə bildirib.
“Şimal-Cənub dəhlizi layihəsində iştirak edən demək olar bütün ölkələrlə - onların sayı 13-dür – razılaşma əldə edilib, onların hamısı iştirakını təsdiqləyib”, - o deyib.
Levitin əlavə edib ki, hazırda Şimal Dəniz Yollarına (ŞDY) çıxışın inkişafına təcili ehtiyac var: “Uralda və Sibirdə dəmir yolu xətlərinin tikintisi layihəsini həyata keçirmək lazımdır. Bu, Transsibir magistralında sıxlığı aradan qaldıracaq və Asiya ölkələrinə yükdaşımaları artıracaq”.
Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdən keçirilir. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.