Xalq artisti Vaqif Əsədov dəfn edilib - YENİLƏNİB-2

Xalq artisti Vaqif Əsədov dəfn edilib - YENİLƏNİB-2 Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovla vida mərasimi keçirilir.
İncəsənət
20 May , 2022 12:32
Xalq artisti Vaqif Əsədov dəfn edilib - YENİLƏNİB-2

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov dəfn olunub.

“Report” xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, mərhumun ailə üzvləri, yaxınları və eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:00

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovla vida mərasimi başa çatıb.

“Report” xəbər verir ki, mərasimdə mərhumun sənət dostları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər V.Əsədovla bağlı xatirələrini bölüşüblər, onun teatr və kino sahəsindəki xidmətlərindən danışıblar.

Mərhum Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

11:28

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovla vida mərasimi başlayıb.

“Report” xəbər verir ki, mərasim mərhumun yaşadığı ünvanda keçirilir.

Mərasimdə V.Əsədovun sənət dostları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, V.Əsədov mayın 19-da 75 yaşında vəfat edib.

Xatırladaq ki, Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 1978-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 2006-cı ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

2018-ci ildə “Azərbaycan Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi