Bakı. 8 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planına əsasən, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Şəki Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimli "Report"a bildirib ki, repertuar planında nəzərdə tutulan ilk tamaşanın – Hüseyn Cavidin “Şeyda” dramının səhnələşdirilməsinə yanvarın ikinci yarısında başlanılacaq.
Bundan əlavə, mövsüm ərzində Akif Kəngərlinin “Bəla” və türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsərləri səhnəyə qoyulacaq. Bundan başqa, “Kəlilə və Dimnə” kitabındakı hekayələr əsasında yeni uşaq tamaşası hazırlanacaq.
Qeyd edək ki, teatrda bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan II Şəki Beynəlxalq Teatr Festivalına hazırlıq işləri görülür.