Görkəmli azərbaycanlı rəssam Moskvada vəfat edib

Görkəmli azərbaycanlı rəssam Moskvada vəfat edib 94 yaşlı rəssam fevralın 6-da dünyasını dəyişib
İncəsənət
7 Fevral , 2015 12:54
Görkəmli azərbaycanlı rəssam Moskvada vəfat edib

Bakı. 7 fevral. REPORT.AZ/ SSRİ Rəssamlar İttifaqının üzvü, Böyük Vətən müharibəsinin iştirakçısı, rəssam Hüseyn Axundov Moskvada dünyasını dəyişib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Hüseyn Axundov fevralın 6-da vəfat edib.

Rusiya və Azərbaycanın rəssamlıq və kino sənətində xüsusi yeri olan görkəmli həmyerlimiz "Mosfilm" Kinostudiyasının ştata götürülmüş ilk azərbaycanlı rəssamı olub.

Uzun illərdir Moskvada yaşayan Hüseyn Axundov 1921-ci il aprelin 28-də Abşeron rayonunun Balaxanı kəndində anadan olub. 7-ci sinifdə oxuyanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Aga Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad Kinorejissorluq İnsititutuna daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtahan komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı. 

Hüseyn Axundov 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Bəlkə də bu taleyinin, qismətinin mükafatıymış ki, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər. Tam sağalmamış əfsanəvi “Arşın mal alan” filminin işində aktiv iştirak edib. 

Yaraları sağalandan sonra təhsilini Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində davam etdirib. 1945-ci ildə oranı bitirdikdın sonra taleyini birdəfəlik Moskvaya bağlayıb. 

“Mosflim”də ştatla işləyən ilk azərbaycanlı olaraq Hüseyn Axundov İvan Pıryev, Qriqori Aleksandrov, Aleksandr Ptuşko kimi sovet kinosunun tanınmış ustadları ilə çiyin-çiyinə çalışıb. “İdiot” (“Axmaq”), Belıe noçi” (“Bəyaz gecələr”), “Vesna” (“Bahar”), “Sampo” filmlərinin rəssamı, eyni zamanda, onlarla başqa sənət əsərlərinə rəngli həyat verib. 

1953-cü ildə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi pavilyonlarından birinin tərtibatı ona tapşırılıb və bu işi yarım ildə başa çatdırıb. 

Kino rəssamı olmaqla yanaşı, dekorativ eskizlər, kinoplakatlar və paralel olaraq rəsm əsərləri üzərində də işləyib. 

Hüseyn Axundovun yaradıcılığının yaddaqalan mərhələlərindən biri də Moskvanın tarixi mərkəzində ən qədim şəxsi tikililərdən olan Knyaz Yusupovun sarayının bərpa edilməsində baş rəssam işinin ona həvalə edilməsi olub. 

Rusiya Rəssamlar İttifaqının üzvü olan Hüseyn Axundovun yaradıcılıq işləri Rusiyanın və dünyanın bir çox rəsm sərgilərində nümayiş etdirilib.

Allah rəhmət eləsin! 

Son xəbərlər

Orphus sistemi