Moskvanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb

Moskvanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb Sərgi yanvarın 22-dən martın 20-dək davam edəcək
İncəsənət
22 Yanvar , 2016 11:09
Moskvanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Moskvadakı Dövlət Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb.

"Report" qalereyanın rəsmi saytına istinadən xəbər verir ki, “Günəş zenitdə” adlı sərgi martın 20-dək davam edəcək.

Sərgidə təsviri sənətdə “sərt üslubun” aparıcı nümayəndəsi olan rəssamın Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də özünün Bakıdakı ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş etdirilir.

Rəssamın Tretyakov Qalereyasında yer alan “Aydan” (1967), “Qırmızı istiotlarla natürmort” (1977), “Xəzərdə səhər” (1986) və s. əsərləri sərgiyə çıxarılıb. 

Qeyd edək ki, məşhur sənətkarın “Aydan” əsəri sovet dövrü təsviri sənətinin ən yaxşı nümunələrindən hesab olunur. Əsərin bir variantı (rəssam onu vaxtilə Tokioda açdığı sərgisi münasibətilə çəkib) ötən ilin dekabrında Londonun “Sotheby’s” auksionunda hərraca qoyulub. 

Görkəmli fırça ustasının əl işləri hər il müxtəlif ölkələrdə sərgilənir. Ötən ilin oktyabrında rəssamın əsərləri Portuqaliyanın Lissabon şəhərində keçirilən "Ənənə və müasirlik" beynəlxalq incəsənət festivalında nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunub. Festivala 30-dan çox ölkədən rəssamlar qatılıb.

Sərgi Tretyakov Qalereyasının 160 illiyinə həsr olunub. 

Son xəbərlər

Orphus sistemi