Bakı. 10 oktyabr. REPORT.AZ/ Oktyabrın 10-u Bakıda meksikalı caz musiqiçi Eduardo Bortolottinin konserti baş tutub.
Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, diplomatik nümayəndəliyin təşkilatçılığı ilə "Landmark" otelində keçirilən tədbirdə meksikalı musiqiçi yerli tamaşaçılar tərəfindən isti qarşılanıb.
Konsert Meksika mədəniyyətini Azərbaycanda təşviq etmək, eyni zamanda ikitərəfli mədəni əlaqələri gücləndirmək məqsədi daşıyıb.
Bəstəkar və skripka ifaçısı Eduardo Bortolotti Meksikanın Puebla şəhərində dünyaya göz açıb. Peşəkar təhsilini Puebla Muxtar Universitetində başlayıb. Caz musiqisi sahəsində təhsilini davam etdirmək üçün 2012-ci ildə Polşaya köçüb. Çexiya, Polşa, Turkiyə və Kiprdə baş tutan müxtəlif konsertlərdə çıxış edərək ənənəvi Meksika musiqisini təmsil edib.
Müəllim kimi Eduardo musiqi üzrə müxtəlif master-klassları həyata keçirib. Sonuncu master-klass Meksikanın Puebla Universitetinin tələbələri üçün keçirilib. Məhz bu tədbir musiqiçi üçün böyük əhəmiyyət kəsb etdi, belə ki, illər sonra peşəkar kimi böyüməyə başladığı yerə qayıdıb.
Mədəniyyət sahəsindəki ikitərəfli əlaqələrə gəldikdə, Meksika Səfirliyi xalqlar arasında yaxınlaşma üçün mədəniyyəti ən yaxşı körpü hesab etdiyi üçün bu cür tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bununla da, son üç il ərzində bu Diplomatik Nümayəndəlik tərəfindən 100-dən artıq fəaliyyətlə 65 mədəni tədbir baş tutub.
"Report" daha əvvəl tanınmış meksikalı prima-balerina, beynəlxalq səviyyədə dünyanın ən yaxşı kastanyet ifaçısı kimi tanınan Sonia Amelionun da Bakıda çıxış etməsi barədə xəbər dərc etmişdi.