Maestro Niyazinin vaxtilə ağırlıqqaldırma ilə məşğul olduğu üzə çıxıb

Maestro Niyazinin vaxtilə ağırlıqqaldırma ilə məşğul olduğu üzə çıxıb O, uzun illər İdman Nazirliyi nəzdində ağır atletika şöbəsinin sədri vəzifəsində çalışıb
İncəsənət
6 Fevral , 2017 16:22
Maestro Niyazinin vaxtilə ağırlıqqaldırma ilə məşğul olduğu üzə çıxıb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın məşhur dirijoru və bəstəkarı Niyazinin vaxtilə ağırlıqqaldırma ilə məşğul olduğu üzə çıxıb. 

"Report"un Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəsmi saytına istinadən verdiyi məlumata görə, Maestro “Dinamo” cəmiyyətinin bu idman növü üzrə birinciliklərində dəfələrlə iştirak edib.

16 - 18 yaşlarında 56 kq çəki dərəcəsində bir neçə dəfə Bakı və Azərbaycan çempionu, medalçısı olmuş Niyazi həm də bir neçə dəfə rekord vurub. Sonradan konservatoriyaya daxil olan və diqqətini əsasən musiqiyə yönəldən incəsənət xadimi, buna baxmayaraq, idmandan soyumayıb.

Niyazi II dünya müharibəsindən sonra – 1946 - 1960-cı illərdə Azərbaycanın Ağır Atletika Federasiyasına rəhbərlik edib, daha dəqiqi, Azərbaycan SSR İdman Nazirliyinin nəzdində ağır atletika şöbəsinin sədri vəzifəsində çalışıb. Uzun müddət bu postu tutan Maestro bir çox idmançının yetişməsinə, onların ittifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib. Amma şəxsi problemləri bu işini davam etdirmək imkanı verməyib.

Qeyd edək ki, Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov və ya sadəcə Niyazi 1912-ci il avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsindən anadan olub. O, 1984-cü ildə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi