Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşanın məşqləri gedir.
Teatrdan "Report"a verilən xəbərə görə, italyan dramaturqu Karlo Qoldoninin "Mehmanxana sahibəsi" və rus xalq nağılı “Möcüzəli turpun nağılı” tamaşalarının premyerası martın əvvəlində nümayiş etdiriləcək.
Hər iki tamaşa Gənc Tamaşaçılar Teatrının 2016-cı ilin ilk üç ayı üçün nəzərdə tutulan repertuar planına daxil edilib.
Repertuara uyğun olaraq teatrda ilk üç ay ərzində “Yalqız Qərb”, “Gözəllik kraliçası” (M.MakDonax), “Hasarın o üzü” (Ə.Əmirli), “Buzovna kəndinin əhvalatları” (Elçin), “Pəri Cadu”, “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev), “Mən gəldim qızlar” (“Müharibə”) (L.Nuren), “Sarıköynəklə Valehin nağılı” (İ.Əfəndiyev), “Müsyö Jordan və dərviş Məstəli şah” (M.F.Axundzadə), “Romeo və Culyetta”, “III Riçard” (U.Şekspir), “Ağ ölüm” (V.Siqarev), “Şeyx Sənan” (H.Cavid), “İtalyansayağı xoşbəxtlik” (E.Filippo) tamaşaları nümayiş etdiriləcək.
Teatr azyaşlı tamaşaçılarını da unutmayıb. Uşaqlar üç ay ərzində “Buratinonun macəraları” (A.Tolstoy), “Çəkməli pişik” (Ş.Perro), “Dörd əkizin nağılı” (P.Pançev), “Qoğalın nağılı” (xalq nağılı), “Tıq-tıq xanım” (A.Şaiq), “Yatmış gözəl” (B.Marvin), “İncəbel və div” (R.Tohidoğlu), “Dovşanın ad günü” (X.Əlibəyli), “Əlibaba və qırx quldur” (ərəb xalq nağılı), “Qırmızı papaq” (Y.Şvarts), “Dəcəl keçi” (P.Nurəliyeva), “Şahzadə Xəzərin nağılı” (K.Ağabalayev), “Balaca və damda yaşayan Karlson” (A.Lindqren), “Çirkin ördək balası” (H.X.Andersen), “Qaraca qız” (S.S.Axundov, A.Şaiq) tamaşalarını izləyə biləcəklər.
Teatrda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan “Mənim ağ göyərçinim” (T.Vəliyeva), Xocalı soyqırımı və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində “Arzu və Murad” (S.Elsevər) tamaşaları göstəriləcək.