Bakı. 8 fevral. REPORT.AZ/ Dağıstanda fəaliyyət göstərən Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Bartin şəhərində keçiriləcək 22-ci Uluslararası Teatr Festivalında iştirak edəcək.
Bunu "Report"a açıqlamasında teatrın baş rejissoru Ərtoğrul Kamalov bildirib.
Onun sözlərinə görə, festival martın 27-də başlayacaq və aprelin 3-dək davam edəcək.
Ə.Kamalov deyib ki, festivalda "Yalnız" monodramını təqdim edəcəklər: "Əsərin ssenarisini Mehman Musabəylinin ideyası əsasında özüm yazmışam. Monotamaşada aktyor Sərxan Səmədov çıxış edəcək".
Qeyd edək ki, gənc rejissor Ə.Kamalov 2015-ci ildə ilk dəfə Bartin festivalına dəvət alıb. O, Türkiyədə aktyorlara ustad dərsləri deyib və müəllimi, mərhum Vaqif İbrahimoğlunun aktyor dərsləri barədə məlumat verib.