Rejissor Ceyms Kemeron "Disney D23 Expo" oflayn tədbirində dördüncü "Avatar" filminin çəkilişlərinə başladığını elan edib.
"Report" xəbər verir ki, bu barədə "The Collider" məlumat yayıb.
Bundan əlavə, Kemeron “Avatar 3” filminin çəkilişlərinin davam etdiyini də açıqlayıb. Eyni zamanda rejissor "Avatar 2"nin post-prodakşn mərhələsində olmasına baxmayaraq, “hər şeyin yaxşı getdiyinə” eyham vurub. O, tamaşaçılara qarşıdan gələn filmin bir neçə 3D səhnəsini təqdim edib. Görüntülərdə Navi davaları, Pandora meşəsində dava və Neytiri (Zoi Saldana) ilə Ceyk Sallivan (Sam Uortinqton) arasında mübahisə əks olunub.
İkinci hissədəki hadisələr eyni Pandora adasında, lakin fərqli ərazidə baş verəcək. Baş qəhrəmanların ailəsi yaşamaq üçün okeanın kənarına köçəcək. Hadisələr orijinal hekayədən 14 il sonra cərəyan edəcək.
"Avatar 2"nin premyerası 16 dekabr 2022-ci ildə planlaşdırılır, qalan üç hissə isə müvafiq olaraq 2024, 2026 və 2028-ci illərdə hər iki ildə çıxacaq.