Bakı. 24 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və BP-Azərbaycan şirkəti tərəfindən sabah virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş “Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim ediləcək.
Nazirlikdən “Report”a verilən məlumata görə, Nizami Kino Mərkəzində filmin nümayişindən əvvəl mətbuat konfransı keçiriləcək.
Sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamının banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Filmdə onun həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.
Film Vaqif Mustafazadənin müasirləri olan və onun sənət irsinə və şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.