Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında Dövlət Rəqs Ansamblı "Mənim Azərbaycanım" adlı konsert proqramı ilə çıxış edib.
“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, konsert proqramı Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.
Bədii rəhbər, Xalq artisti Rüfət Xəlilzadə jurnalistlərə açıqlamasında bişkekli tamaşaçılar üçün xüsusi proqram hazırladıqlarını bildirib.
Gecədə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, iki ölkənin mədəniyyət xadimləri, media mənsubları iştirak ediblər.
Proqramda "Qavalla rəqs", "Qazaxı", "Yaylıqlarla rəqs", "Nağaraçılar", "Şalı-şalı", "Qaytağı", "Toy", "Qılıncdar", "Ağ çiçəyim", "Çayçı" kimi rəqsləri qırğız tamaşaçılar böyük coşğu ilə qarşılayıblar.
Konsertə “Vətən" rəqsi ilə yekun vurulub.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ötən 55 ildə kollektiv ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanında ifası ilə milli rəqs sənətimizi təbliğ edib.