“Azərbaycanda ilk dəfədir ki, uşaqlara qarşı zorakılıq, pedofiliya əleyhinə film çəkilib”.
Bu sözləri “Report”a açıqlamasında “Sirr” filminin quruluşçu rejissoru və ssenari müəllifi Aqil Nağıyev deyib.
A.Nağıyev qeyd edib ki, bu, azyaşlılara qarşı zorakılıq əleyhinə ilk filmdir: “Biz bununla bağlı bir addım atdıq. Bu, çağırışdır. Sadəcə əyləncə xarakterli film deyil. Yəni zorakılığa qarşı çağırışdır”.
Rejissorun sözlərinə görə, filmdəki bütün səhnələr real hadisələrdən götürülüb: “Sirr” kommersiya filmi deyil, çağırışdır. İstəyirik ki, heç bir Azərbaycan vətəndaşı buna göz yummasın. Hamı zorakılığa qarşı çıxsın, uşaqları müdafiə etməyə başlasın.
Filmin nümayişi iyunun 1-də başlayır. Bir iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Filmi onlara həsr edirik”.
O, gələcəkdə bu qəbildən olan bir neçə filmin çəkilişinin planlaşdırıldığını qeyd edib: “Ola bilsin, “Sirr-2” filmi çəkilsin. Amma sonrakı filmdə daha çox narkomaniyaya, insan alverinə, dələduzluğa qarşı mübarizə mövzusuna üstünlük verəcəyik. Film Bakı və Sumqayıt şəhərlərində çəkilib”.
Qeyd edək ki,filmin təqdimat mərasimi Nizami Kino Mərkəzində keçirilib.
Quruluşcu rejissoru və ssenari müəllifi Aqil Nağıyev olan ekran işi real hadisələr əsasında çəkilib. Dram janrında olan olan film bir ay ərzində ərsəyə gəlib.
Ekran işinin baş prodüseri Ruslan Məmmədov, quruluşçu operatoru Nicat Əhmədov, aktyorlar: Rüfət Nəzər, Sima Şabanova, Vaqif Kərimov, Faiq Zeynallı, Elşən Məmmədov, Seymur Tağıyev, Aydan Salahova, Zəhra Sultanzadədir.