Yerli startapımız qlobal müsabiqənin final mərhələsində iştirak edir

Yerli startapımız qlobal müsabiqənin final mərhələsində iştirak edir Nazirliyinin nümayəndəsi ilk dəfə olaraq beynəlxalq startap müsabiqəsinin münsiflər heyətində təmsil olunacaq
İKT
22 Mart , 2019 15:01
Yerli startapımız qlobal müsabiqənin final mərhələsində iştirak edir

Martın 22-23-də Türkiyənin Bursa şəhərində “Doğan Media Qrup”a daxil olan “Capital” və “Ekonomist” jurnallarının təşkilatçılığı ilə Uludağ İqtisadi Zirvəsinin 8-ci toplantısı və bu tədbir çərçivəsində “Galata Business Angels” və “Endeavor”un birgə təşkilatçılığı ilə “Stars of Region” adlı qlobal startap müsabiqəsi keçiriləcək. Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin ən önəmli biznes və iqtisadi tədbirlərindən olan Uludağ İqtisadi Zirvəsi 2012-ci ildən təşkil olunur. Tədbirdə hər il Türkiyə və dünyanın müxtəlif ölkələrindən olan dövlət qurumlarının, özəl sektorun nümayəndələri və investorlar iştirak edir.

“Stars of Region” qlobal startap müsabiqəsinin şərtlərinə görə ilk 10-luğa daxil olan startaplar zirvə çərçivəsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat etmək, ilk 3-lüyə daxil olan startaplar isə investisiya almaq imkanı əldə edəcəklər.

Ölkəmizdə fəaliyyət göstərən startapların bu müsabiqədə iştirak etməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq iş aparılıb və 30-dan artıq startap layihəsi müsabiqədə iştirak üçün qeydiyyatdan keçib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İnnovativ Biznes Proqramının iştirakçısı olan “Hotel Race” startapı beynəlxalq müsabiqəyə qatılan mindən artıq startap arasından final mərhələsinə (ilk 10-luğa) seçilib və zirvə çərçivəsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat etmək imkanı qazanıb.

“Hotel Race” startapının əsas məqsədi informasiya texnologiyalarının tətbiqi ilə hotellər üçün innovativ idarəetmə həllərinin və digər analitik həllərin hazırlanmasıdır.

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi ilk dəfə olaraq beynəlxalq startap müsabiqəsinin münsiflər heyətində təmsil olunacaq.

Belə ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov Uludağ İqtisadi Zirvəsi tədbirinin təşkilatçıları tərəfindən startap müsabiqəsinin münsifi seçilib.

Müsabiqənin münsiflər heyəti final mərhələsinə daxil olmuş startaplar arasından ilk 3 yer üzrə qalibləri müəyyənləşdirəcək.

Son xəbərlər

Orphus sistemi