Rəqəmsal ödənişlər və fintex həllər nağdsız ödənişlərə keçidi sürətləndirmək və maliyyə sektorunu transformasiya etməklə müasir iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilir. Azərbaycanda rəqəmsal ödənişlərin istifadəsi, ödəniş infrastrukturunun inkişafı və süni intellekt, tokenləşdirmə və biometrik identifikasiya kimi qabaqcıl texnologiyaların tətbiqi sahəsində sürətli artım müşahidə olunur.
“Visa” ödəniş ekosistemini inkişaf etdirmək üçün banklar, fintex şirkətləri və dövlət qurumları ilə fəal əməkdaşlıq edərək bu proseslərdə vacib rol oynayır. “Visa”nın Azərbaycandakı baş direktoru və regional meneceri Nurlan Hacıyev “Report”a müsahibəsində rəqəmsal ödənişlər sahəsindəki mövcud tendensiyalar, şirkətin strateji təşəbbüsləri, əməliyyatların təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu və ölkədə ödəniş infrastrukturunun inkişafı planları barədə danışıb.
Müsahibəni oxucularımıza təqdim edirik:
- Bu gün fintex və ödəniş sektorunun inkişafını şərtləndirən əsas tendensiyalar hansılardır? 2025-ci ildə nə gözləmək olar?
- Əsas tendensiyalardan biri də süni intellektin sürətli inkişafıdır. “Visa” hələ 1993-cü ildə riskləri idarə etmək və fırıldaqçılıqla mübarizə aparmaq üçün süni intellektdən istifadə edən ilk ödəniş şəbəkəsi olub. Son 10 il ərzində şirkət süni intellekt texnologiyaları və məlumat infrastrukturunun inkişafına 3,3 milyard ABŞ dolları sərmayə qoyub. Öncül həllərimizdən biri tranzaksiyanın hər mərhələsində saxtakarlığı minimuma endirmək üçün real vaxt rejimində süni intellektdən istifadə edən, hərtərəfli risk idarəetmə sistemi olan “Visa Protect”dir.
Digər mühüm sahə rəqəmsal identifikasiyadır. İstifadəçilər getdikcə daha çox üzün tanınması və ya barmaq izləri kimi biometrik təsdiq üsullarını seçərək ödənişləri daha rahat və təhlükəsiz edir. Bu, 16 rəqəmli kart nömrəsinin daxil edilməsi ehtiyacını azaldır, autentifikasiya prosesini asanlaşdırır və riskləri minimuma endirir. Bununla da bütün tərəflər qazanclı olur - həm satıcılar, həm də sürətli və rahat ödəniş aləti əldə edən son istifadəçilər.
Bundan əlavə, real vaxt rejimində ödənişlər populyarlıq qazanır. Məsələn, ABŞ-də Federal Ehtiyat Sistem qlobal ödəniş infrastrukturuna təsir edəcək beynəlxalq səviyyədə tanınmış ISO 20022 maliyyə məlumatı mübadiləsi standartına əsaslanan həlli tətbiq edir. Azərbaycanda da belə texnologiyalara maraq artır.
Hesabdan hesaba birbaşa pul köçürmələri xüsusi diqqətə layiqdir. Bizim süni intellekt həllərimiz təkcə kart ödənişlərini deyil, həm də hesablar arasında birbaşa köçürmələri qoruyur, təhlükəsizlik səviyyəsini artırır.
Digər mühüm tendensiya isə yerləşdirilmiş maliyyədir. Getdikcə daha çox qeyri-maliyyə şirkətləri, o cümlədən pərakəndə satıcılar müştərilərə rahat və sürətli maliyyə həlləri təklif etmək üçün ödəniş xidmətlərini platformalarına inteqrasiya edir. Azərbaycanda bu tendensiya da fəal şəkildə inkişaf edir.
Həmçinin əvvəllər əsasən iri korporasiyalar tərəfindən istifadə edilən, amma hazırda kiçik, orta və mikro bizneslər arasında da tələb olunan transsərhəd ödənişlərə də artan tələbat var. Bu məqsədlər üçün bizdə hesabdan hesaba köçürmələr üzrə “Visa Direct Account” (VDA) və “general ledger” texnologiyasından istifadə edən korporativ müştərilər üçün “B2B Connect” kimi həllər var.
Biz pul köçürmə imkanlarını genişləndirməyə davam edirik, o cümlədən də Azərbaycanda. Məsələn, telefon nömrəsi ilə köçürmələr uzun kart nömrəsini daxil etmədən, sadəcə, alıcının kontaktını seçməklə pul göndərməyə imkan verir.
Digər perspektivli istiqamət “Visa Direct Request to Pay”dir. Bu texnologiya tez-tez dostlar arasında hesabı bölüşdürməyin rahat yolu ilə əlaqələndirilsə də, əslində kiçik və orta biznes üçün xüsusilə faydalıdır. Məsələn, müştəri ödəniş sorğusunu qəbul edə və onu yalnız xidmət göstərildikdən və ya mallar çatdırıldıqdan sonra təsdiq edə bilər ki, bu da ödənişlərin şəffaflığını artırır.

- “Visa” ödəniş təhlükəsizliyini artırmaq və fırıldaqçılıqla mübarizə aparmaq üçün süni intellektdən necə istifadə edir?
- Süni intellekt fırıldaqçılıq əməliyyatların qarşısının alınmasında əsas rol oynayır. Təkcə 2023-cü ildə “Visa”nın süni intellekt sistemləri 40 milyard ABŞ dollarlıq saxta əməliyyatların qarşısını ala bilib.
2024-cü ildə “Visa Protect” çərçivəsində üç innovativ texnologiyanı işə salmışıq. Onlardan biri hesabdan hesaba ödənişlərin qorunmasıdır. Sistem süni intellektdən istifadə edərək ödənişin kartla və ya bank köçürməsi ilə həyata keçirilməsindən asılı olmayaraq hər bir əməliyyat üçün risk ehtimalını qiymətləndirir. Bu, maliyyə institutlarına şübhəli əməliyyatları baş verməmişdən əvvəl bloklamaqla fırıldaqçılığın qarşısını almağa imkan verir.
Digər mühüm həll “Visa Deep Authorization”dır . O, kartdan fiziki istifadə etmədən, məsələn, onlayn alış-veriş edərkən və ya satış nöqtəsində smartfonla ödəniş edərkən şübhəli ödənişləri müəyyən etməyə kömək edir. Həmçinin keçən il “Visa Risk Manager” və “Visa Advanced Authorization”ın imkanlarını genişləndirdik. Bu alətlər indi istifadə olunan platformadan asılı olmayaraq, hərtərəfli mühafizəni təmin edən bütün növ kart ödənişlərini əhatə edir.
Elektron ticarəti saxtakarlıqdan qorumaq üçün ən yaxşı həll yollarından biri olan “Cybersource”u ayrıca qeyd etmək lazımdır. Süni intellektlə işləyən bu sistem geniş məlumat spektrini təhlil edir, real vaxt rejimində öyrənir və saxtakarlığın qarşısının alınması üsullarını daim təkmilləşdirir. O, nə qədər çox məlumatı emal edirsə, qorunma, yəni saxtakarlığın qarşısının alınması üsulu bir o qədər effektiv olur.
- “Visa” kibertəhlükəsizliyi gücləndirmək və müştəriləri fırıldaqçılıqdan qorumaq üçün hansı tədbirləri görür? Azərbaycanlı istifadəçilərin kartlarından pul oğurluğu hallarının və fırıldaqçılığın artdığını nəzərə alsaq, bu məsələ ilə bağlı banklar və tərəfdaşlarla müzakirələr aparılırmı?
- Biz banklar və tərəfdaşlarla fəal şəkildə qarşılıqlı əlaqədə oluruq, onlara ödəniş məlumatlarını qorumaq üçün qabaqcıl həllərin tətbiqində kömək edirik. Mütəmadi olaraq kibertəhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması vasitələrinin ən son tendensiyalarının müzakirə edildiyi öyrədici sessiyalar və risk forumları keçiririk.
Artıq bir sıra Azərbaycan banklarında uğurla tətbiq edilən və miqyasının genişləndirilməsinə hazır olan mühüm həllər arasında bir daha risklərin qiymətləndirilməsi və tranzaksiyaların dəyərləndirilməsi alətləri olan “Visa Advanced Authorization” və “Visa Risk Manager”i, xüsusən də onlayn əməliyyatlarda təkmilləşdirilmiş ödəniş autentifikasiyası üçün həlli olan “Visa Deep Authorization”ı, bütün ödəniş prosesini əhatə edən və saxta əməliyyatlar baş verməzdən əvvəl onların qarşısını alan hərtərəfli platforma olan “Visa Protect”i qeyd edə bilərik.
Ən effektiv qorunma mexanizmlərindən biri tokenizasiya olaraq qalır – o, nəinki ödəniş prosesini asanlaşdırır, həm də kart məlumatlarının oğurlanması riskini əhəmiyyətli dərəcədə azaldır. “Visa Token Service” sayəsində ödəniş rekvizitləri konkret əməliyyatdan kənar istifadə edilə bilməyən rəqəmsal tokenlə əvəz olunur.
Elektron ticarət ödənişlərinin təhlükəsizliyini təmin etmək üçün müştərilərə biometrik və ya digər autentifikasiya üsullarından istifadə edərək, PIN-kod və ya kart CVV-si daxil etmədən alış-veriş etməyə imkan verən “Visa Click to Pay” həllini inkişaf etdiririk. Bu, onlayn ödənişləri fiziki pərakəndə satış məntəqələrindəki əməliyyatlar qədər təhlükəsiz edir.
“Visa” müştərilərə fırıldaqçılıq qorxusu olmadan rəqəmsal ödəniş həllərindən inamla istifadə etmələrinə kömək etmək üçün kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə davam edir.
- “Visa”nın Azərbaycanda 2025-ci il üçün strateji prioritetləri hansılardır? Nağdsız ödəniş ekosisteminin, o cümlədən nəqliyyat sektorunda genişləndirilməsi planı varmı?
- Nəqliyyat sektorunda artıq ciddi uğurlar əldə etmişik. 2021-ci ildə biz "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə birlikdə "Azərbaycan Dəmir Yolları" üçün ödəniş həllini təqdim etdik. Artıq sərnişinlər Bakı-Sumqayıt marşrutu üzrə bütün stansiyalarda gediş haqqını kartla ödəyə bilərlər. 2022-ci ildə Azərbaycanda ən qabaqcıl ictimai nəqliyyat texnologiyalarından birini – “Mobility & Transit Transaction”ı (MTT) tətbiq etdik.
Bu sistem sizə gün ərzində bütün səfərlərinizi birləşdirməyə və onları bir əməliyyatda silməyə imkan verir. Bundan əlavə, MTT tokenləşdirilmiş ödənişləri dəstəkləyir ki, bu da onların artan populyarlığını nəzərə alaraq xüsusilə vacibdir.
Ümumilikdə Azərbaycandakı strategiyamız ödənişləri daha sürətli, daha rahat və təhlükəsiz edən innovativ ödəniş həllərini inkişaf etdirməyə yönəlib. Biz rəqəmsal ödəniş ekosistemini genişləndirmək üçün maliyyə bazarının əsas iştirakçıları – banklar, fintex şirkətləri, dövlət agentlikləri və pərakəndə satış şəbəkələri ilə uzunmüddətli əməkdaşlığa çalışırıq.
- Azərbaycanda Bakı-Sumqayıt marşrutundan başqa, ictimai nəqliyyatda ödəniş kartlarından istifadənin genişləndirilməsi nəzərdə tutulurmu? Metro, avtobus və digər nəqliyyat növlərində belə həllərin tətbiqi üçün layihələr nəzərdə tutulurmu?
- Biz bütün maraqlı tərəflərlə əməkdaşlığa açığıq və nəqliyyat ödəniş sistemlərinin modernləşdirilməsi üçün qabaqcıl texnologiyalar təqdim etməyə hazırıq. Bu gün artıq dünyanın müxtəlif ölkələrində oxşar layihələr həyata keçiririk və onların sayı minlərlə olmasa belə, yüzlərlədir. “Visa”nın təcrübəsi metro və avtobuslardan tramvay və bərələrə qədər müxtəlif nəqliyyat həllərini əhatə edir. Biz bu təcrübəni bölüşməyə və Azərbaycanda ictimai nəqliyyatda rəqəmsal ödənişlərin inkişafında iştirak etməyə hazırıq.

- “Visa” 2024-cü ildə Azərbaycanda hansı yeni layihələr həyata keçirib? Artıq hansı nəticələri qeyd etmək olar?
- Ötən ilin əsas layihələrindən biri “Kapital Bank” və Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu ilə birgə “Tələbə Plus” tələbə kartının istifadəyə verilməsi oldu. Bu kartın istifadəçilərinin sayı artıq 200 minə yaxınlaşır və tələbat artmaqda davam edir.
Bu gün ölkə üzrə yüzlərlə məntəqə var ki, burada “Tələbə Plus” sahibləri imtiyazlar – geyim, təhsil, məhsul, xidmətlərə endirimlər, habelə mədəniyyət ocaqlarına, muzeylərə və sərgi salonlarına səfər zamanı güzəştlər əldə edirlər. Bu, Azərbaycan bazarında ilk belə məhsuldur.
Milli Olimpiya Komitəsi ilə əməkdaşlığımızı ayrıca qeyd etmək lazımdır. Keçən il “Visa” gənc idmançıları yerli səviyyədə dəstəkləyib, Paris Olimpiadası ərəfəsində isə yeni həllər və məhsullar təqdim edib.
Kart məhsullarından danışsaq, bu yaxınlarda “Kapital Bank” ilə birlikdə mil toplamaq imkanı verən “Visa Infinite Miles” kartını təqdim etdik. Həmçinin "Azərbaycan Beynəlxalq Bankı" ASC və “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə əməkdaşlıq çərçivəsində kobrend kartları da istifadəyə verilib. Bu təşəbbüslərdən, xüsusən də, məsələn, cüdoçumuz Hidayət Heydərovun partnyor bankın layihələrdən birini necə təmsil etdiyini görəndə qürur duyuram.
Digər mühüm mərhələ rəqəmsal ödəniş texnologiyalarının inkişafıdır. Azərbaycan bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edib: bazara tokenizasiya, “Tap to Phone” daxil olub, eləcə də “Apple Pay” və “Google Pay” xidmətləri işə salınıb. Hazırda 16 bank tokenizasiya texnologiyasından istifadə edir, 8 bank isə artıq “Android”də NFC modulu olan smartfonu ödəniş terminalına çevirən “Tap to Phone” xidmətini təqdim edir.
Biz tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə və innovativ həllər tətbiq etməyə davam edirik. Əminəm ki, bu il bizi daha maraqlı layihələr gözləyir.
- Ötən il “Visa”nın əsas göstəriciləri necədir? Dünya və Azərbaycanla bağlı aktual statistikanı bölüşə bilərsinizmi?
- Qlobal miqyasda “VisaNet” şəbəkəsi keçən il 160 valyutada təxminən 300 milyard əməliyyat həyata keçirib. Eyni zamanda, ödəniş sistemimiz saniyədə 100 minə qədər əməliyyatı emal etmək qabiliyyətinə malikdir - bu, “Visa” infrastrukturunun gücünü və etibarlılığını təsdiqləyən ən təsirli göstəricilərdən biridir.
Azərbaycanda maliyyə bazarı sürətlə inkişaf etməkdə davam edir və bunda rəqəmsal ödənişlər mühüm rol oynayır. Ölkədə tokenizasiya 2019-cu ildə istifadəyə verilib və o vaxtdan bəri populyarlıq davamlı olaraq artır. 2024-cü ildə Azərbaycanda tokenləşdirilmiş əməliyyatların sayı iki dəfədən çox artıb. Bu, getdikcə daha çox insanın smartfon və smart saatlardan istifadə edərək rəqəmsal kartlarla alış-veriş etməyə üstünlük verdiyini göstərir.
Bundan əlavə, internet-ekvayrinq üçün olan “Visa Token Service” texnologiyamız Azərbaycanın aparıcı fintex- startapı "YIĞIM" tərəfindən tətbiq edilib. Əminəm ki, tokenləşdirilmiş əməliyyatların sayı artmağa davam edəcək, çünki bu, təhlükəsiz, rahat və sürətli ödəniş üsuludur.
Son bir ildə elektron ticarətdə tokenləşdirilmiş əməliyyatların payı 40 dəfə, ödəniş terminalından istifadə edilən əməliyyatların sayı isə iki dəfədən çox artıb. Bu rəqəmlər 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrına qədər olan dövrü əhatə edir və ölkədə rəqəmsal ödəniş həllərinə olan yüksək tələbatı əks etdirir. Onu da qeyd edim ki, daxili ödənişlərin həcmi 1,2 dəfə artıb.
İstifadəçilərin yeni texnologiyalara yiyələnmək istəyi, həmçinin bank sektorunun və tənzimləyicilərin fəal dəstəyi sayəsində artım üçün əlverişli şərait yaradılır.

- Azərbaycanda premium kart seqmenti necə inkişaf edir? Müştərilər arasında hansı tendensiyalar görürsünüz və onlar nəyə üstünlük verirlər?
- Premium kart sahiblərinin xidmət keyfiyyətinə yüksək tələbləri var və “Visa” onların gözləntilərini qarşılamağa çalışır.
Transfer xidmətləri premium kart sahibləri arasında ən populyar xidmətlərdən biri olaraq qalır. Bu xidməti Bakıda ilkin olaraq müştərilərə hava limanına rahat gediş-gəliş imkanı yaratmaq üçün işə saldıq. Daha sonra premium müştərilərimizin üstünlüklərini öyrənərək köçürmələrin coğrafiyasını genişləndirdik. Bu gün “Visa” kart sahibləri bu xidmətdən təkcə Bakıda deyil, Antalya, Alanya, İstanbul, Əbu-Dabi və Dubayda da istifadə edə bilərlər.
Transferlərlə yanaşı, müştərilərimizə geniş imtiyazlar təklif edirik: dünyanın 1 200-dən çox hava limanında biznes-zallara giriş, səyahət zamanı rahat ünsiyyət üçün pulsuz internet rouminqi, həm Azərbaycanda, həm də xaricdə sürətli pasport və uçuşöncəsi nəzarətdən keçidi təmin edən “Fast Line” xidməti, ayrı-ayrı zallarda reys üçün qeydiyyatdan keçmək, baqajı təhvil vermək və uçuşu gözləmək imkanı yaradan “Commercial Important Person” (CIP) xidməti.
Bundan əlavə, premium kart sahibləri eksklüziv endirimlər və bonuslar, premium xidmətlər və “Visa Luxury Hotels” kimi proqramlar əldə edirlər. Məsələn, Azərbaycanda “Coffee Costa” şəbəkəsində pulsuz qəhvə içmək imkanı var, eləcə də bu yaxınlarda “Ali&Nino” ilə birgə həyata keçirdiyimiz, müştərilərin pulsuz kitab ala bildiyi təşəbbüs kimi aksiyalar var. Həmçinin pərakəndə satış və xidmət müəssisələrində də endirimlər edilir.
Müştərilərimizin nələrə üstünlük verdiklərini nəzərə alaraq proqramlarımızı daim təkmilləşdiririk. Məsələn, Bakıda “Fast Line” xidmətinə indi 12 yaşadək uşaqlar üçün pulsuz keçid seçimi də daxildir - bu, müştərilərimizin rahatlığının artırılması istiqamətində daha bir addımdır. “Visa” səyahət və gündəlik həyat üçün yeni imtiyazlar və rahat xidmətlər təklif edərək premium seqmenti inkişaf etdirməyə davam edir.