Bu il 124 ədəd radio ötürücü istismara verilib, 52 ədəd radio ötürücü isə yenilənib.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, nəticədə radio ötürücü sayı 2 dəfədən çox artıb: "FM radio yayımlarının tətbiqi aşağı enerji effektivliyinə və ötürmə keyfiyyətinə malik olan AM radio yayımların mərhələli şəkildə dayandırılmasına imkan yaradıb. 2019-cu ildə ölkə ərazisi FM radio yayımla tam əhatə edildikdən sonra AM yayımlar dayandırılıb. Bu transformasiya nəticəsində radioyayım üçün illik enerji istehlakı və bununla əlaqədar karbon emissiyası kəskin şəkildə - 17,4 kiloton azalıb. Elə həmin il Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartlı rəqəmsal radioyayımına başlanılıb. Bu ilin sonunadək Bakı şəhəri ilə Ağsu rayonu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsinin təşkili nəzərdə tutulur”.
O bildirib ki, FM tezlik resurslarının yerli yayım üçün istifadə edilməsi xarici FM tezliklərin nüfuz imkanlarının məhdudlaşmasına imkan verib: "Belə ki, görülən işlər çərçivəsində 127 ədəd yeni tezlik nominalı ayrılıb və bu tezliklərin Beynəlxalq Telekommunikasiya İttifaqının tezliklər reyestrində qeydiyyata alınması üçün rəsmi müraciət olunub".