Bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak üçün Azərbaycana 20-dən çox astronavtın səfəri planlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə Konqresin layihə rəhbəri Rəna Cəfərova Beynəlxalq Astronavtika Konqresinə dair brifinqdə deyib.
O bildirib ki, ABŞ, Almaniya, Avstriya, Rusiya, Kanada, İtaliya, Yaponiya və digər ölkələrdən gələcək astronavtlar üçün xüsusi proqram hazırlanıb: "Proqram Konqres tədbirləri, tələbələr ilə görüşlər, televiziya verilişlərində çıxışlar, həmçinin "İctimaiyyətə açıq gün" çərçivəsində avtoqraf sessiyası və digər tədbirləri özündə ehtiva edir".
Xatırladaq ki, Bakı Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Bakı beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən Konqresləri geridə qoyub. Bakı Konqresi təkcə sponsorluq paketinin sayına görə deyil, həmçinin, elmi məqalələrin təqdim olunduğu ölkələrin sayına görə də rekord əldə edib. Əvvəlki konqreslərdən fərqli olaraq Bakı Konqresinə 95 ölkədən kosmos sahəsində fəaliyyət göstərən elm və tədqiqatçılar tərəfindən 3 600 elmi məqalə təqdim olunub.Bununla Bakı Konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.