Qarabağda 6 fiber-optik magistral xəttin tikintisi yekunlaşıb

İKT
  • 06 noyabr, 2025
  • 10:22
Qarabağda 6 fiber-optik magistral xəttin tikintisi yekunlaşıb

Bu ilin sonuna kimi Qarabağ regionu üzrə daha bir fiber-optik magistral xəttin tikintisinə başlanılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə "Aztelekom" MMC məlumat yayıb.

Bildirilir ki, 6 fiber-optik magistral xəttin tikintisi üzrə işlər artıq yekunlaşıb, 7 istiqamətdə tamamlanma mərhələsindədir, 8 istiqamətdə isə tikinti davam edir. Ümumi uzunluğu 680 kilometr olan fiber-optik magistral şəbəkə bölgənin davamlı və təhlükəsiz rabitə təminatını gücləndirəcək. Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsində 22 şəhər və rayonlararası magistral xəttin tikintisi planlaşdırılıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 9 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri ilə təmin olunub. İnfrastrukturdan 6 020 abunəçi istifadə edir. Onlardan 1 022 nəfər əlavə olaraq telefon, 1 316 nəfər isə İPTV xidmətlərindən yararlanır.

Bölgələrdə quraşdırılmış 19 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.