Naxçıvanın sərhədyanı bölgələrində Türkiyə ilə birgə radiomonitorinqlər aparılıb
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Türkiyə Rabitə Administrasiyaları ilə radiomonitorinq və koordinasiya görüşü təşkil olunub.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda telekommunikasiya sahəsinin, o cümlədən mobil rabitə xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, ötən dövr ərzində hər iki ölkədə mobil rabitə texnologiyalarının inkişafı, həmçinin qeyd olunan Dövlət Proqramında verilmiş tapşırıqların, o cümlədən Naxçıvan Muxtar Respublikasında mobil rabitə şəbəkələrinin tənzimlənməsi və inkişaf etdirilməsi üzrə müvafiq tədbirlərin görülməsinin zəruriliyi nəzərə alınıb. Belə ki, Türkiyənin rabitə administrasiyası ilə əldə olunmuş razılaşmaya əsasən, bu ilin 8-10 iyul tarixlərində sərhədyanı ərazilərdə birgə radiomonitorinqlər keçirilib.
Görüşdə bu radiomonitorinqlərin nəticələri üzrə texniki razılaşmalara yenidən baxılıb, müzakirələr aparılıb. Müzakirələrdə müxtəlif tezlik zolaqlarından, o cümlədən radio və televiziya yayımı, yeni nəsil mobil rabitə şəbəkələri və digər yerüstü texnologiyaların tətbiqi üçün müvafiq tezlik zolaqlarından sərhədyanı ərazilərdə maneəsiz istifadənin təmin edilməsi məqsədilə birgə monitorinqlərin nəticələrinin təhlili və hər iki tərəfin mobil rabitə operatorları tərəfindən görüləcək zəruri texniki həllərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Radiotezliklər İdarəsinin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Türkiyənin İnformasiya Kommunikasiya Texnologiyaları Qurumunun və hər iki ölkənin mobil rabitə operatorlarının nümayəndələri iştirak ediblər.