Bu ilin yanvar-noyabr aylarında "Digital Bridge" milli məlumat mübadilə sistemində 500 milyondan çox tranzaksiya həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48 %-dən çox artım deməkdir.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da bildirib.
Onun sözlərinə görə, "Digital Bridge"ə 150-dən çox informasiya sistemi inteqrasiya olunub: "Bu sistem üzərindən aylıq 55 milyon tranzaksiya həyata keçirilir".
Sədr müavini əlavə edib ki, indiyə qədər "Digital Bridge"ə 50-dən çox şirkət inteqrasiya olunub: "Həmin şirkətlərə dövlət informasiya sistemlərində formalaşdırılmış dataya çıxış imkanı veririk. Onlar rəqəmsal xidmətlər təqdim etmək üçün bu sistemə inteqrasiya olunurlar".