Azərbaycanda hazırlanan Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyada 2030-cu ilə qədər reallaşdırılacaq 61 təşəbbüs, o cümlədən 9 aparıcı layihə nəzərdə tutulub. Bununla yanaşı, ölkədə Azərbaycan dili əsaslı Generativ Süni İntellekt sistemi qurulur. Bütün bu və digər məsələlərlə bağlı “Report”un suallarını İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov cavablandırıb.
- Əvvəlcə rəhbərlik etdiyiniz qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərdiniz.
- 4SİM adından da göründüyü kimi, IV sənaye inqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr sırasında yer almasının təmin edilməsi məqsədilə 6 yanvar 2021-ci ildə yaradılıb, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
Başqa sözlə, bizim mərkəz IV sənaye inqilabı texnologiyaları, o cümlədən süni intellekt üzrə çağırış və təşəbbüslərin təhlili, onların milli iqtisadiyatda tətbiqi imkanlarının araşdırılması və bu fəaliyyətin koordinasiyası, “elm-sənaye klasteri 4.0”ın qurulması ilə bağlı dövlət, özəl və elmi müəssisələr arasında tərəfdaşlığın təşviqi kimi bir sıra digər fəaliyyətləri həyata keçirir.
4SİM həm də hamının Davos forumu kimi tanıdığı Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı şəbəkəsinə daxil olan dünya üzrə 16 mərkəzindən birinə ev sahibliyi edir. Belə ki, Azərbaycan MDB məkanında ilk belə mərkəz yaradan ölkə olub. Dünya İqtisadi Forumunun iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən dünyanın ən tanınmış ekspertlərini, dövlət və özəl təşkilat rəhbərlərini özündə birləşdirən bir sıra sahəvi mərkəzləri var. 4SİM olaraq biz də 3 fərqli istiqamət, o cümlədən süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası və rəqəmsal ticarət üzrə qeyd olunan mərkəzlərlə sıx əməkdaşlıq edirik. Bu əməkdaşlığın məqsədi dünyada mövcud olan qabaqcıl təcrübələri öyrənmək və onların milli iqtisadiyyatımızın fərqli sahələrində pilot layihələr çərçivəsində tətbiq edilməsinə nail olmaqdır.
Bizim mərkəz həm də Dünya İqtisadi Forumunun 2 mühüm icmasının ekspertlər şurasının üzvüdür. Bunlardan biri Süni İntellekt üzrə İdarəetmə Alyansı (AI Governance Alliance), digəri isə Dövlət xidmətlərində texnologiyaların tətbiqi təşəbbüsüdür (GovTech Network).
- Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyasında hansı məsələlər öz əksini tapacaq? Sənədin iqtisadiyyata töhfəsi nədən ibarət olacaq?
- Milli iqtisadiyyatın sürətlə şaxələndirilməsi və böyüməsi, eləcə də onun qlobal dəyər zəncirinə inteqrasiyası və innovasiya əsaslı inkişaf mərhələsinə keçidi Azərbaycanda davamlı, innovativ və sosial inkişafı dəstəkləyən rəqəmsal iqtisadiyyatın formalaşdırılmasını zəruri edir. Bu məqsədilə, 2024-2030-cu illəri əhatə edəcək “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya” hazırlanıb. Dünyada mövcud olan qabaqcıl texnoloji tərəqqi ssenariləri və bu tərəqqinin meydana gətirdiyi qlobal çağırışları, eləcə də ölkəmizin artan inkişaf dinamikasını nəzərə alaraq hazırlanmış Strategiya bütövlükdə biznes, cəmiyyət və dövlət aspektlərini əsas tutaraq iqtisadiyyatın bütün sahələrinin rəqəmsal transformasiyasını hədəfləyir.
Strategiyanın icrası çərçivəsində rəqəmsal iqtisadiyyat ekosisteminin vəziyyətinin dəyərləndirilməsi və davamlı inkişaf etdirilməsi məqsədilə araşdırma və təhlillər aparılacaq, bizneslərin rəqəmsallaşması və yeni bizneslərin formalaşması üçün əlverişli mühit yaradılacaq. Eyni zamanda, mövcud bizneslərin rəqəmsal transformasiya prosesinə dəstək göstəriləcək və rəqəmsal iqtisadiyyat sahəsində data əsaslı qərarvermə mühiti formalaşdırılacaq.
Bununla yanaşı, rəqəmsal iqtisadiyyat üçün ehtiyac duyulan insan kapitalının hazırlanması və təkmilləşdirilməsi, innovasiyaların təşviqi və milli iqtisadiyyatda IV sənaye inqilabı texnologiyalarının, o cümlədən süni intellekt həllərinin tətbiqi imkanlarının genişləndirilməsi, idarəetmədə əməliyyat səmərəliliyinin daha da artırılması və rəqəmsal məhsullara əlçatanlığın asanlaşdırılması üçün zəruri imkanlar yaradılacaq.
Strategiyada 2030-cu ilə qədər Azərbaycanda rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün 9 aparıcı layihə, o cümlədən 61 təşəbbüs nəzərdə tutulub. Bu aparıcı layihələrə “Yeni nəsil texnologiyalar mərkəzi”nin yaradılması, Azərbaycan dilində lokal generativ süni intellektin formalaşdırılması, rəqəmsal əkiz sisteminin yaradılması kimi layihələri misal çəkə bilərik. Hazırda qeyd olunan strategiya digər dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
- Azərbaycan dili əsaslı Generativ Süni İntellekt sisteminin qurulması hansı mərhələdədir?
- Generativ süni intellekt mətn, şəkillər və s. kimi strukturlaşdırılmamış yeni məzmunun yaradılmasına imkan verən sistemdir. Hazırda vətəndaşlarımız digər dillərdə, əsasən ingilis dilində generativ süni intellekt sistemlərindən istifadə edirlər. Bu süni intellekt sistemləri tərcümə əsasında çalışsalar da, Azərbaycan dilində məzmunun dəqiqlik faizi aşağıdır.
Azərbaycan dilində generativ süni intellekt sisteminin yaradılması 4SİM-in icra etdiyi əsas layihələrdən biridir. “Lokal Generativ Süni İntellekt” təşəbbüsü Azərbaycan dilində sahəvi sektorlarda tətbiq olunacaq generativ süni intellekt alqoritm və alətlərinin hazırlanması məqsədi daşıyır. Nəticə olaraq, qeyd olunan təşəbbüs Azərbaycanın mədəni zənginliyini və informasiya təhlükəsizliyini təmin etməklə ölkədə süni intellektin tətbiqi imkanlarının artmasına, iqtisadi artımın təşviqinə, yeni texnologiyaya əsaslanan sənaye sahələrinin və iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək.
- “Coursera” şirkəti ilə icra olunan “4Sİ Akademiyası” layihəsinin icrası necə gedir?
- “Coursera”nı 2012-ci ildə ABŞ-nin Stenford Universitetinin informatika üzrə professorları Endrü Lanq və Dafne Koller hazırlayıb və hazırda ən populyar onlayn tədris platformasıdır. 140 milyondan çox insanın təhsil aldığı bu onlayn təhsil platformasında Stenford, Yel, Dyuk, Kembric, Oksford və digər 300-ə yaxın aparıcı universitet və qabaqcıl texnologiya şirkətlərinin süni intellekt, böyük verilənlər (Big Data), data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə 10 minə yaxın kursu tədris olunur.
2023-cü ilin sentyabr ayında 4SİM, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondu və “Coursera” şirkəti ilə birgə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədi ilə vətəndaşlarımızın rəqəmsal biliklərinin artırılmasını hədəfləyən “4Sİ Akademiyası” layihəsinə start verdik. Eyni zamanda, layihənin məqsədi ölkədə qabaqcıl texnologiyalar və rəqəmsal sahədə bilik və bacarıqların artırılmasına, əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
Layihənin I mərhələsində 10 000 Azərbaycan vətəndaşı üçün süni zəka, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə 800 kurs və təlimdən ödənişsiz əsaslarla istifadə etmək imkanı yaradılıb. Bura Yel, Dyuk, London, Miçiqan, İllinois, Virciniya kimi 40-a qədər nüfuzlu universitetin, həmçinin, “Google”, “IBM”, “Microsoft”, “Meta” kimi qabaqcıl texnologiya şirkətlərinin kursları aiddir. Bu günə qədər 6000 nəfər bu imkandan faydalanıb. Qeydiyyatdan keçmiş 4000 nəfər isə sentyabra qədər növbəli şəkildə kurslardan yararlanacaq. Beləliklə, “4Sİ Akademiyası”nın I mərhələsi bu ilin sentyabr ayında yekunlaşacaqdır. Onu da qeyd edim ki, “4Sİ Akademiyası” çərçivəsində istifadəçilərin 51 %-i qadın, 49 %-i isə kişidir. Ən gənc istifadəçi 9, ən yaşlı istifadəçi isə 73 yaşındadır.
“4Sİ Akademiya”sını “Coursera” şirkəti dünya üzrə həyata keçirilən oxşar layihələr arasında ən uğurlu layihə kimi qiymətləndirib. İstifadəçilər mərhələli şəkildə “Coursera” platformasına 6 həftəlik giriş hüququ əldə edir. İstədikləri saatda daxil olub təklif olunan proqramları mənimsəyir və onlayn imtahan verərək əldə etdikləri beynəlxalq sertifikatlar sayəsində karyeralarında dəyişikliklər əldə edə bilirlər.
Rəqəmsal iqtisadiyyat strategiyasının əsas sütunlarından biri rəqəmsal cəmiyyətin formalaşdırılmasıdır. Vətəndaşların rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, IV sənaye inqilabı dövründə baş verən dəyişikliklərə uyğunlaşması üçün həyatboyu öyrənmə prinsipi olduqca vacibdir. Qeyd olunaları nəzərə alaraq, bu il də layihənin davam etdirilməsini və bununla belə bir sıra yeniliklərin təqdim edilməsini planlaşdırırıq. Hədəfimiz daha çox sayda vətəndaşımıza (200 min nəfər) bu fürsətdən istifadə imkanı yaratmaq və ödənişsiz təqdim olunan kursların sayını 8 000-ə çatdırmaqla “Coursera” təhsil platformasında mövcud olan bütün kurslardan yararlanma imkanı yaratmaqdır. Biz həmçinin kursların Azərbaycan dilində səsləndirmə ilə təqdim olunması üçün “Coursera” şirkəti ilə qarşılıqlı işlər aparırıq. Qeyd edim ki, artıq 2600-dən çox kursun Azərbaycan dilində subtitr vasitəsilə təqdim edilməsinə nail olmuşuq.
Layihənin II mərhələsinin əsas yeniliklərindən biri də, işəgötürənlər ilə tədris alanları əlaqələndirən “Coursera”nın “Talent Pipeline” platformasına giriş imkanı olacaq. Bu da təlimi uğurla başa vuranların iş tapmasında onlara əlavə dəstək olacaq.
- Süni intellekt sahəsində hansı layihələriniz var?
- 4SİM milli iqtisadiyyatın müxtəlif sahələrində süni intellektin tətbiqi ilə bağlı bir sıra layihə və təşəbbüslərə start verib. Nümunə olaraq bəzilərini qeyd edə bilərəm. Çağrı xidmətlərinin fəaliyyətinin optimallaşdırılması üçün dövlət xidmətləri ilə bağlı suallara cavab verən, səs və yazını tanıma əsasında çalışan süni intellekt layihələrini misal göstərə bilərəm.
Bununla yanaşı, süni intellekt əsaslı 4SİM çatbotu üzərində də işlər aparılır. Təxminən üç ay öncə başladığımız bu pilot layihə çərçivəsində 250 milyon sətirdən çox data üzərindən süni intellekt alqoritmi öyrədilib. Məqsəd vətəndaşların dövlət xidmətləri, o cümlədən qanunvericiliklə bağlı suallarının süni intellekt əsaslı çatbot vasitəsilə sürətli və fasiləsiz formada cavablandırılmasıdır. Süni intellekt dilin emalı alqoritmlərinin köməyi ilə Azərbaycan dilində daxil olan sualları başa düşür və onlara dəqiq cavab verə bilir.
Hazırda biz layihənin təkmilləşdirilməsi üzərində çalışırıq, yəni cavabların dəqiqlik faizini maksimuma çatdırmağa çalışırıq. Gələn il bu çatbot layihəsinin istifadəyə verilməsi nəzərdə tutulub.
- Başqa hansı layihələriniz barədə məlumat verə bilərsiniz?
- Bu il həmçinin süni intellekt əsaslı həllərin satınalması ilə bağlı prosedurların tamamlanması diqqət mərkəzində olacaq. Dünya İqtisadi Forumu “Süni İntellekt həllərinin satın alınması” ilə bağlı təlimat kitabçası hazırlayıb. Satınalma təlimatları artıq dilimizə tərcümə edilib. Hazırda təlimatın ölkəmizdə mümkün tətbiqi istiqamətində müvafiq qurumlarla məsləhətləşmələr aparılır.
Bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankı və “StrategEast” təşkilatı ilə birgə “IT Hub Azerbaijan” adlı layihəmiz uğurla icra olunaraq başa çatdı. Layihənin məqsədi paytaxt və bölgələrdə peşəkar İKT mütəxəssisləri hazırlamaq idi. Yekunda həmin şəxslər ölkəmizdə fəaliyyət göstərən nüfuzlu yerli və beynəlxalq şirkətlərdə işlə təmin olunacaqlar.
Aprelin 2-də 4SİM-in təşkilatçılığı ilə ölkədə İKT sahəsində təhsil alan tələbə və məzunlar üçün ilk ixtisaslaşmış əmək yarmarkası keçirildi. 60-a qədər şirkət və qurumun iştirak etdiyi karyera tədbirinə 1000 nəfərdən çox tələbə və məzun qatıldı. Yarmarkada 500-dən çox vakant yer və yüzlərlə təcrübə proqramı təklif olundu.
4SİM olaraq biz həm də IV sənaye inqilabı sahələrinə aid maarifləndirmə işləri də həyata keçiririk. Ötən il start verdiyimiz “4SİM Talks” silsilə tədbirləri bu il də fəaliyyət planımıza daxil edilib. Layihənin məqsədi müxtəlif sahələr üzrə çalışan insanları 4Sİ texnologiyaları və onların tətbiqi ilə bağlı uğurlu həllər barədə məlumatlandırmaqdır. Biz bu çərçivədə universitetlər, dövlət qurumları və biznes nümayəndələri üçün beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təqdimatlar keçirir və müzakirələr təşkil edirik.
Biz həmçinin IV sənaye inqilabı texnologiyaları və innovasiya sahəsinə həsr olunmuş podkast layihəsi üzərində işləyirik. Podkastlar həftədə bir dəfə sosial media və “Youtube” üzərindən yayımlanacaq. Məqsəd rəqəmsal transformasiyalar və innovasiyalar mövzusunda vətəndaşları maarifləndirməkdir. Bununla yanaşı, müxtəlif sahəvi icmalarla görüş və müzakirələrin təşkil olunması nəzərdə tutulub.
- Azərbaycanın rəqəmsal iqtisadiyyatına xarici investisiya qoyuluşu istiqamətində hansı işlər görülüb və yaxud görülməsi planlaşdırılır?
-2023-cü ilin sentyabr ayında 4SİM Dünya İqtisadi Forumunun İnvestisiya Siyasəti və Təcrübə Platforması ilə birgə Rəqəmsal iqtisadiyyatda xarici investisiyaların cəlbi layihəsinə start verib. Ötən ilin dekabr ayında 4SİM Dünya İqtisadi Forumu, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə ölkənin rəqəmsal iqtisadiyyatına xarici investisiyaların cəlbi ilə bağlı dövlət qurumları və özəl sektorun iştirakı ilə ilk vörkşop keçirib. Həmin tədbirdə dövlət və özəl sektor nümayəndələrinin təklifləri dinlənilib.
Layihənin məqsədi Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya qoyuluşu edən yerli və xarici şirkətlərdə aparılan sorğu və müsahibələr çərçivəsində ölkənin investisiya mühiti barədə məlumatların əldə edilməsi və bu məlumatlar əsasında investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində təkliflər paketinin formalaşdırılmasıdır.
Bu məsələdə yanaşma çoxşaxəli olmalıdır. Əsas məqsəd ölkə iqtisadiyyatının, xüsusən də rəqəmsal iqtisadiyyatın, investorlar üçün cəlbediciliyini artırmaqla bu sahəyə yatırımların təşviqidir. Bura qanunvericilik, vergi sistemi, rəqəmsal infrastruktur və kadr hazırlığı məsələləri daxildir. Biz bu sahədə həm dövlət qurumları, həm özəl sektor, həm də DİF ilə əməkdaşlığımızı davam etdiririk.