Elvin Balacanov: "Kiberbullinq anlayışı hüquqi cəhətdən dəqiqləşdirilməlidir"

Elvin Balacanov: "Kiberbullinq anlayışı hüquqi cəhətdən dəqiqləşdirilməlidir" Azərbaycanda hansı əməllərin kiberbullinq olduğu, bu cür əməllər törədiləcəyi təqdirdə hansı məsuliyyət tədbirlərinin tətbiq ediləcəyi müəyyən edilməlidir.
İKT
3 May , 2024 17:27
Elvin Balacanov: Kiberbullinq anlayışı hüquqi cəhətdən dəqiqləşdirilməlidir

Azərbaycanda hansı əməllərin kiberbullinq olduğu, bu cür əməllər törədiləcəyi təqdirdə hansı məsuliyyət tədbirlərinin tətbiq ediləcəyi müəyyən edilməlidir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov bu gün Bakıda keçirilən “İctimai proseslər media müstəvisində” mövzusundakı Forumda deyib.

Onun sözlərinə görə, hüquqi cəhətdən bizim qanunvericilikdə kiberbullinq anlayışı yoxdur.

"Yəni Azərbaycan kontekstində kiberbullinq deyiləndə hansı əməllər nəzərdə tutulur bunlar yoxdur. Əgər biz hər hansı hüquqi məsuliyyətdən danışırıqsa bunlar Azərbaycanın qanunvericiliyinə uyğun olaraq ya cinayət, ya da İnzibati Xətalar Məcəlləsində öz əksini tapmalıdır. Lakin bu gün biz bu halları birbaşa tənzimləyən qanunvericilik normaları görmürük. Bunların olması mühüm əhəmiyyət kəsb edir. Çünki cinayət hüququnun bir xəbərdaredici, cinayətdən çəkindirmək funksiyası var. Bu da yalnız o zaman olur ki, bu normaların sərhədləri dəqiq müəyyən olunsun",- deyə E. Balacanov qeyd edib.

Kiber məkanda rəqəmsal etika məsələsinə toxunan ekspert bu sahədə təbliğat və təşviqatın genişləndirilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıb: "Bu istiqamətdə atıla biləcək bir neçə addım var. Bunlardan biri məktəb kurikulumlarında rəqəmsal etikanın daha yaxından inteqrasiya edilməsidir. Eyni zamanda mentorluq proqramlarından yaşı az olanların maarifləndirməsində effektiv istifadə etmək olar. Digər tərəfdən bu prosesə QHT-lər tərəfindən dəstək verilməlidir və bütün fəaliyyətin işıqlandırılmasında media fəal rol oynamalıdır".

E. Balacanov sonda kiberbullinqə qarşı ictimai qınaq mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi