Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında 50 milyon ABŞ dolları (85 milyon manat) dəyərində kredit müqaviləsi imzalanıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, sənədi “Aztelekom”un baş direktoru Klaus Müller və EBRD-nin Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patron imzalayıb.
Kredit şirkətin genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi üçün ayrılacaq.
K.Müller Azərbaycanın regionlarında təxminən 280 mindən çox ev təsərrüfatında ən müasir genişzolaqlı infrastrukturun tətbiqinə EBRD-nin göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib: “Ölkəni əhatə edən genişzolaqlı internet şəbəkəsinin qurulması üçün hazırda RİNN-nin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsinin əsas operatoru olan “Aztelekom”a dövlət zəmanəti olmadan kredit aymrılası müsbət haldır. “Aztelekom” Bankın kreditorların qiymətləndirilməsinə dair mürəkkəb hüquqi ekspertiza prosesindən uğurla keçib. Bununla da maliyyə sağlamlığı, təhlükəsizlik, ekologiya, gender bərabərliyi və digər bu kimi sahələrə dair bankın ciddi tələblərinə cavab verərək ölkədə və regionda EBRD ilə kredit müqaviləsinin imzalanmasına nail olmuş azsaylı şirkətlərdən biri olub. Bu fakt 2021-2022-ci illərdə şirkətdə aparılan korporativ idarəetmə islahatlarının müsbət nəticəsinin bariz göstəricisidir”.
“Aztelekom” cəlb olunan maliyyə vəsaitini regionlarda həyata keçiriləcək infrastrukturun yenidən qurulması üçün istifadə edəcək. Bu maliyyə dəstəyi ilə şirkət planlaşdırdığı şəbəkə genişləndirilməsinin sürət, tutum və ötürmə qabiliyyətini yaxşılaşdıraraq, şəhər və kənd yerləri arasında rəqəmsal bərabərsizliyi azaltmağa nail olacaq. Bu, “Aztelekom”a yüksək keyfiyyətli, fasiləsiz interneti təmin etməyə və bütün ölkə üzrə internetin orta sürətini artırmağa imkan verəcək.
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər sürətli internetlə ölkənin bütün ərazisini əhatə edən genişzolaqlı şəbəkənin qurulması planlaşdırılır. Layihə çərçivəsində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması nəzərdə tutulur. Bu texnologiya mühüm dərəcədə internet xidmətinin keyfiyyətini yaxşılaşdırır, eləcə də İPTV və digər əlavə xidmətlər göstərməyə imkan yaradır.
Layihənin icrasına başlanıldığı 2017-ci ildən bu günədək artıq ölkə üzrə 766 minə yaxın ev təsərrüfatı optik internetə çıxış imkanı əldə edib ki, bunun da 539 mini 2021-2022-ci illərdə icra olunub. Bu, yeni infrastrukturun quraşdırılma tempinin dəfələrlə artdığını nümayiş etdirir. Ümumilikdə layihənin sonuna qədər ölkədə bütün ev təsərrüfatlarının GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə sürətli internetlə təmin olunması planlaşdırılır", - deyə nazirlik bəyan edub.