Cəlilabadın Soltankənd kəndində internet yoxdur, sakinlər şikayətçidirlər

Cəlilabadın Soltankənd kəndində internet yoxdur, sakinlər şikayətçidirlər Cəlilabad Soltankənd kəndində sakinlər internetin olmamasından şikayətçidirlər
İKT
1 Aprel , 2024 11:09
Cəlilabadın Soltankənd kəndində internet yoxdur, sakinlər şikayətçidirlər

Cəlilabad rayonunun Soltankənd kəndində sakinlər internetin olmamasından şikayətçidirlər.

Kənd sakinləri bununla bağlı "Report"un yerli bürosuna müraciət ediblər.

Sakin Dilavər Məmmədovun sözlərinə görə, qonşu kəndlərə internet xətti çəkilsə də, onların kəndləri diqqətdənkənar saxlanılıb.

Digər kənd sakini Allahverən Əzizov isə bildirib ki, Soltankənd kəndinin əhalisi yaxınlıqda yerləşən digər yaşayış məntəqələrindən daha çoxdur: "Ona görə də, kəndimizin internetə ehtiyacı daha böyükdür".

Sakinlər vurğulayıblar ki, məktəblilər gündəlik olaraq internetdən istifadə edərək məlumatlar əldə etməlidirlər. Kənddə isə internet olmadığına görə mobil internetdən istifadə edirlər: "Mobil internet büdcəmizə pis təsir edir, imkanımız çatmır. Dəfələrlə aidiyyəti orqana müraciət etmişik, amma səsimizə səs verən olmayıb. Xahiş edirik ki, bu məsələni tez bir zamanda həll etsinlər”.

Məsələ ilə bağlı "Aztelekom" MMC-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müasir standartlara cavab verən fiber-optik kabelləşmə həyata keçirilir. Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

"Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır. Sözügedən layihə çərçivəsində “Aztelekom” MMC-nin Cənub Regional Filialının xidməti ərazisində də müasir texnologiyaların tətbiqi ilə şəbəkə genişləndirilir. 2024-cü ilin sonuna qədər Soltankənd kəndi üzrə genişzolaqlı internet texnologiyasının tətbiqi nəzərdə tutulub", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi