II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilir.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə nazir müavini Elmir Vəlizadə açıb.
E.Vəlizadə çıxışında fərdi məlumatların qorunmasında Avropa təcrübəsini nümunə göstərib. Nazir müavinin sözlərinə görə, fərdi məlumatlardan qanunsuz istifadəyə görə, ötən il Avropa İttifaqında ümumilikdə 350 mln avroluq cərimə tətbiq edilib:
"Avropada fərdi məlumatların icazəsiz istifadəsinə görə, kifayət qədər böyük məbləğlərdə cərimələr müəyyən edilib. Qaydalara görə, belə məlumatlardan düzgün istifadə edilməməsinə görə, şirkətlər 20 mln avro yaxud şirkətin gəlirinin 4%-i həcmində cərimə tətbiq edilir. Ötən il isə ümumilikdə 350 mln avro həcmində cərimələnmə olub".
Qeyd edək ki, əsas məqsəd fərdi məlumatların mülkiyyətçisi və operatoru kateqoriyalarını təmsil edən şəxslərlə əməkdaşlığın gücləndirilməsi, onların maarifləndirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla, ölkə səviyyəsində fərdi məlumatların mühafizə səviyyəsinin yüksəldilməsidir.
Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, bank sektoru, beynəlxalq təşkilatlar və nümayəndəliklər, internet xidməti provayderləri, mobil operatorlar, təhsil müəssisələri, sığorta şirkətləri, səhiyyə müəssisələri və digər təşkilatların fərdi məlumatların mühafizəsi üzrə məsul şəxsləri, eləcə də Avropa Şurasının, Moldova, İsrail və s. ölkələrin ekspertləri iştirak ediblər.
“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbirində yerli və beynəlxalq şirkətlər tərəfindən rəqəmli erada fərdi məlumatların mühafizəsi sahəsində Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydaları (General Data Protection Regulation – “GDPR”) əsas götürülməklə Avropa təcrübəsi ilə bağlı təqdimatlar və məruzələr dinlənilib.
Bununla yanaşı, fərdi məlumatların mühafizəsi sahəsində ölkə üzrə əlaqələndirici qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin təqdimatında ölkəmizdə sahə üzrə mövcud vəziyyət, həyata keçirilmiş işlərlə və aparılan islahatlarla bağlı ətraflı məlumat verilib.