“Azərkosmos” ixrac gəlirlərini 9 % artırıb
- 28 fevral, 2022
- 10:44
Bu ilin yanvar ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 29 ölkəyə 2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın fevral sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 ölkə və 8,7 % (0,16 milyon ABŞ dolları) çoxdur.
2022-ci ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 0,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 0,4 milyon ABŞ dolları ilə ABŞ, 0,4 milyon ABŞ dolları ilə Fransa, 0,2 milyon ABŞ dolları ilə BƏƏ, 0,1 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.