Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda aprelin 12-si Dünya Aviasiya və Astronavtika günü kimi qeyd edilir. On bir il əvvəl Azərbaycan ilk peykini orbitə çıxararaq beynəlxalq kosmik ailənin bir üzvünə çevrildi. Bəs ötən dövr ərzində kosmosdakı fəaliyyət Azərbaycana nə qazandırdı?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov "Report"a müsahibəsində bu barədə, eyni zamanda əldə olunmuş təcrübənin kommersiyalaşdırılması, yeni peyklərin hazırlanması prosesi, Ayın, Marsın və uzaq kosmosun tədqiqi ilə bağlı planlar, işğaldan azad edilmiş ərazilərdəki fəaliyyət və sair haqqında danışıb. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycanın kosmik fəaliyyətinin iqtisadi nəticələrini necə dəyərləndirirsiniz?
- Azərbaycan 3 peyk (“Azersky”, “Azerspace-1”, “Azerspace-2”) layihəsinə toplam olaraq 700 milyon manata yaxın investisiya yatırıb. Eyni zamanda “Azərkosmos” fəaliyyətinin 11-ci ilində 621 milyon manat gəlir əldə edib. Bu gün orbitdə olan “Azerspace-1” və “Azerspace-2” peyklərinin resurslarının 80 %-i tam istifadədədir. Bu isə dünya standartlarına uyğun olaraq çox yaxşı göstərici hesab edilir.
Bununla belə son üç ilin dinamikasına baxmış olsaq, “Azərkosmos”un ixrac gəlirlərində müəyyən azalma müşahidə edilir. Bu, bütövlükdə ümumdünya peyk xidmətləri üçün bir yenilik deyildir. Peyk, telekommunikasiya sahəsi çox rəqabətli sahədir. Yeni operatorların bazara gəlməsi, xarici bazardan asılılığı azaltmaq üçün daha çox ölkənin öz peyklərini orbitə çıxarması, həmçinin qlobal səviyyədə xidmət göstərən iri peyk qruplaşmalarının artması bu bazarda rəqabəti artırdığı üçün gəlirlər əvvəllər olduğundan daha azdır. Bununla belə gəlirlərin bu il yaxşı səviyyədə olması üçün geniş fəaliyyətimizi davam etdiririk. Yeni bazarlar və imkanlar, yeni teleportlarla əməkdaşlıqlar üzərində çalışırıq.
- “Azərkosmos” bu illər ərzində qazandığı bilik və təcrübəni kommersiyalaşdırmaq istiqamətində hansı fəaliyyət həyata keçirir?
- “Azərkosmos” peyk layihələrinin başladığı müddətdən bu yana müxtəlif sahədə mütəxəssislərin yetişdirilməsini təmin edib. Bura peyklərin idarəedilməsi üçün operator və mühəndislər, müştərilərə xidmət vermək üçün müvafiq mühəndislər, yerüstü stansiyalara xidmət göstərən mütəxəssislər daxildir. Bunların içərisində radiotezliklərin idarə edilməsi üzrə mütəxəssisləri xüsusi qeyd etmək lazımdır.
Son üç ildə bu sahədə mütəxəssislərimizin bilik və bacarıqları xeyli inkişaf etdirilib. Bunun nəticəsində biz beynəlxalq bazara çıxara biləcəyimiz təlim və konsultasiya paketi hazırladıq. Ötən il Bəhreynin müvafiq sahə ilə məşğul olan əməkdaşları üçün təlimlər keçirdik. Bu il daha bir neçə ölkədə bu cür təlimlərin keçirilməsi üçün danışıqlar aparırıq. Əsas fokusumuz sözsüz ki, inkişaf etməkdə olan ölkələrdir.
Bununla da kifayətlənmək fikrində deyilik. “Azersky” peyki üzrə sığorta prosesləri ilə bağlı böyük təcrübə əldə etmiş olduq. Bu, bizə gələcəkdə bu sahədə öz biliklərimizi digər ölkələr və peyk operatorları ilə paylaşmaq üçün potensial yaradıb.
- "Azersky"dan söz düşmüşkən, sığorta ödənişinin alınması prosesi yekunlaşdımı?
- “Azersky” peyki bildiyiniz kimi 2023-cü ildə missiyasının 9-cu ilində, yəni planlaşdırılandan 1 il öncə başa vurdu. Bu o deməkdir ki, peykin istifadə edilməyən resursları var idi və resursları sığortalamışdı. Sığorta məbləğinin əldə olunması prosesinə ötən il dərhal start verildi. Bununla belə sığorta təşkilatlarının müəyyən bir prosesi vardır. Proses ilk növbədə baş verən hadisənin sığorta şərtlərinə uyğun olub olmamasını araşdırmaq idi. Yerdə baş verən sığorta hadisələrində olduğu kimi, burada proses tez başa çatmaya bilərdi.
Peykin əlçatmaz bir yerdə olduğunu nəzərə alsaq, məsələnin araşdırılması müəyyən vaxt tələb edirdi. Lakin bizim bu sahədə seçdiyimiz sığorta təşkilatları və brokerlər ilə uzun müddətli əməkdaşlığımız, ən vacibi düzgün təşkilatlarla işləməyimiz imkan verdi ki, tam bizə uyğun, gözlədiyimiz vaxtda prosesi yekunlaşdıraq. Bu gün ilk dəfə deyə bilərəm ki, 45 milyon manat sığorta ödənişinin alınması prosesi tam yekunlaşıb.
- “Azersky” layihəsinin davamı olan “Azersky-2” layihəsinin reallaşdırılması hansı mərhələdədir? Yaxın Şərqdə cərəyan edən geosiyasi gərginlik planlarınıza təsir edibmi?
- “Azersky-2” proqramı çərçivəsində “Azersky-2A” və “Azersky-2B” peyklərinin hazırlanması və orbitə çıxarılması planlaşdırılır. Adıçəkilən proqramın əvvəlkilərdən ən böyük fərqlərindən biri texnologiyaların transferi məsələsidir. Belə ki, proqram çərçivəsində peyklərin hazırlanmasının bir hissəsi Azərbaycanda baş verəcək. Bu məqsədlə ölkədə Kosmik Aparatların İnkişaf Mərkəzinin qurulması planlaşdırılır.
Artıq onun layihələndirilməsi məsələsinə başlanılıb. Bundan başqa proqram çərçivəsində, texnologiya və bilik transferi məqsədilə çoxlu sayda təlimlər planlaşdırılır. Həmin təlimlərə də artıq start verilib. Eyni zamanda hazırda peyk və yerüstü sistemin layihələndirilməsi prosesi davam edir. Yaxın zamanlarda bizim bu peyk layihəsinin ilkin icmalı, ilin sonuna qədər isə yekun icmalı mərhələləri olacaq. Onu da qeyd edim ki, “Azersky-2B” peykinin inteqrasiyası və sınaqları tam olaraq Azərbaycanda həyata keçirilir.
Ümumilikdə sistemin layihələndirilməsi proseslərində artıq “Azersky-2A” peykindən başlayaraq, Azərbaycandakı mütəxəssislər iştirak edirlər. Bildiyiniz kimi, peyklərin hazırlanmasını İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti həyata keçirəcək. İsrailin müharibə vəziyyətində olması bizim kosmik layihələrimizə təsir etməyib. Yəni “Azersky-2” proqramı çərçivəsində fəaliyyətimiz plana uyğun davam edir. Ona görə də 2026-cı və 2028-ci illərdə peyklərin buraxılması hədəflərinə sadiq qalırıq.
- Azərbaycanın Ayın, Marsın və uzaq kosmosun tədqiqi ilə bağlı planları nədən ibarətdir?
- Kosmosun tədqiqi beynəlxalq əməkdaşlıqla bağlı bir məsələdir. Ayın, Marsın və uzaq kosmosun öyrənilməsi layihələri bir tərəfdən dövlətlərin texnologiya və nüfuz nümayişidirsə, digər tərəfdən də kosmosdan daha geniş istifadəni həyata keçirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bura həm kosmik stansiya qurmaq, həm kosmosa insanları göndərmək, həm də peyk texnologiyalarının inkişafı daxildir. Xüsusilə son illər Ayın, digər planetlərin, asteroidlərin resurslarından istifadə və həmin resursları yerə gətirmək məsələsi aktuallaşıb.
Daha iri kosmik layihələrdə, kosmosun öyrənilməsində iştirak etməyin əsas şərtlərindən biri isə ölkədə kosmik ekosistemin, bu sahədə elmin inkişaf etdirilməsidir. Agentlik olaraq peyk texnologiyalarının inkişafı istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu da sözsüz ki, ölkədə kosmik ekosistemin inkişafı üçün vacib addımlardan biridir.
Ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində ən çox sayda elmi məqalə təqdim edən 5 ölkədən (ABŞ, Çin, Hindistan, İtaliya) biri məhz Azərbaycan olub. Maraqlısı odur ki, analoji tendensiya bu il də qalmaqdadır. Azərbaycan hələ də ilk beşlikdə qərarlaşıb. Bizə əməkdaşlıq üzrə bir çox təşkilatlardan və qurumlardan təkliflər daxil olur. Bunlar çox iri və vacib, eyni zamanda kifayət qədər resurs tələb edən layihələrdir. Sözsüz ki, həmin layihələrə qoşulan zaman bizə tam uyğunluğunu və ölkəmiz üçün vacibliyini araşdırıb, bundan sonra qərar verəcəyik.
- Kosmik Agentliyin işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti nədən ibarətdir?
- Ötən ildən fəaliyyətə başlayan Coğrafi İnformasiya Sistemləri Mərkəzimiz vasitəsilə peyk xidmətləri rəqəmsallaşdırılaraq, peyk həlləri istifadə edilərək 100-dən çox layihə icra olunub. Bunların 30-u sırf işğaldan azad edilmiş ərazilərdə həyata keçirilib. Həmin layihələr əsasən kənd təsərrüfatı, ekologiya və ətraf mühit məsələlərinə aid olub. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu layihələrdə iştirakımız davam edir.
“Azərkosmos”un təqdim etdiyi “Azconnexus” platforması çərçivəsində peykimizin əhatə dairəsinin istənilən bir yerində, xüsusilə də mürəkkəb relyefə malik ərazilərdə internet və data xidmətləri vermək mümkündür. Bundan da bildiyiniz kimi biz Qarabağ bölgəsində istifadə edirik. Həmin bölgədə bu şəbəkənin genişləndirilməsi davam edir və sorğuya uyğun olaraq biz yeni sistemlər quraşdırırıq.
- Bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Həmin tədbirdə fəaliyyətiniz nədən ibarət olacaq?
- COP29-a ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunun göstəricilərindən biridir. Dayanıqlı İnkişaf Məqsədlərinin hamısına kosmosun töhfəsi vardır. Sırf iqlim dəyişikliyi ilə bağlı da biz xüsusən yerin məsafədən müşahidəsi xidmətlərinin, coğrafi informasiya sistemlərinin rolunu qeyd edə bilərik. Belə ki, həmin xidmətlər vasitəsilə biz dünyada olan dəyişiklikləri qlobal perspektivdə görə bilirik.
Bir neçə gün öncə biz iqlim dəyişikliyi üzrə ilk rəqəmsal hesabatı ictimaiyyətə açıqladıq. Bu, Azərbaycanda həmçinin Xəzər dənizində olan iqlim dəyişikliyi ilə bağlı son illər olan tendensiyaları interaktiv şəkildə göstərməyə imkan verir. Onun hazırlanmasında “Azersky” peykinin arxiv təsvirlərindən də geniş istifadə olunub. Arxiv imkan verəcək ki, həmin tendensiyaları biz gələcəkdə də nümayiş etdirək. Bu da onu göstərir ki, iqlim dəyişiklikləri məsələlərində kosmosun rolu böyükdür. “Azərkosmos” olaraq həm ötən il Azərbaycanda keçirilən beynəlxalq astronavtika konqresində, həm digər beynəlxalq tədbirlərdə iştirak təcrübəmiz, həm də iqlim dəyişikliyi ilə bağlı olan təcrübəmiz bizə imkan verir ki, COP29-a öz proqramımızla qatılaq. Artıq bu proqramla bağlı planlar mövcuddur və COP29-da aktiv olaraq iştirak etməyi planlaşdırırıq.
- Kosmosdakı fəaliyyət Azərbaycana nə qazandırdı və gələcək inkişafa nə kimi töhfə verəcək?
- İlk növbədə, Azərbaycanda kosmik xidmətlərin istifadəsinin genişlənməsi təmin olundu. Bildiyimiz kimi, müasir dövrdə iqtisadiyyatda düzgün qərarların verilməsi üçün informasiya kritik əhəmiyyət daşıyır. Məsafədən müşahidə xidmətlərinin istifadəsi bizə daha çox informasiya əldə etməyə imkan verdi. Artıq öz televiziya kanallarımızı beynəlxalq arenada milli peyklərimiz üzərindən suveren olaraq yayırıq. Bununla da özümüzü istənilən geosiyasi və digər risklərdən sığortalamış oluruq.
Kosmosdakı fəaliyyətimiz eyni zamanda ölkənin fövqəladə vəziyyətlərə hazırlıq gücünü artırıb. Belə ki, istənilən fövqəladə hal zamanı əgər yerüstü infrastruktur sıradan çıxarsa, Azərbaycan qısa zamanda peyk üzərindən kommunikasiya xidmətlərini bərpa etmək imkanına malikdir. Artıq peyklərin özümüz tərəfindən hazırlanması üzərində işləyirik. Bu gün dünyada cəmi 48 ölkənin orbital mövqeyi var ki, bunlardan biri də Azərbaycandır. Bununla da ölkəmiz kosmosda da söz sahibinə çevrilir.
Kosmik sahədə əldə edəcəyimiz texnoloji sıçrayış və inkişaf şübhəsiz ki, multiplikativ effektə malik olacaq. Yəni əgər ən çətin, mürəkkəb texnoloji avadanlıqları biz özümüz Azərbaycanda istehsal edə biliriksə, yaradılan həmin ekosistem, yetişən mühəndislər Azərbaycanda digər texnoloji sahələri də inkişaf etdirə bilərlər.