Bu ilin dekabrın 1-nə “E-Şikayət” sisteminə telekommunikasiya ilə bağlı daxil olan şikayətlərin 66,28 %-i sabit internet xidmətlərini əhatə edib.
“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir.
Ötən ilin noyabr ayında İKTA tərəfindən yaradılan “E-Şikayət” sisteminə 3 745 müraciət daxil olub ki, onların da 3 min 526-sı və ya 94,15 %-i telekommunikasiya, 219-u və ya 5,85 %-i isə poçt rabitəsi ilə bağlı olub. Telekommunikasiya sahəsində (ümumilikdə 4 sahə – “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)”, “Mobil internet”, “Mobil rabitə” və “Telefon rabitəsi”), 117 operator və provayderin şəxsi kabinetinə şikayətlər daxil olub.
Mobil rabitə barəsində olan şikayətlər 20,49 %, telefon rabitəsi barədə olan şikayətlər 10,31 % və mobil internet barəsində olan şikayətlər isə yerdə qalan 2,97 %-i təşkil edir.
Şikayətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılıb. “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)” üzrə ən geniş yayılmış “Xidmət keyfiyyəti ilə bağlı” şikayətlərdir. Bu xarakteristikaya malik şikayətlər ümumi şikayətlərin 18,88 %-ni əhatə edir. İkinci yerdə 17,28 %-lə “Xidmətin işləməməsi ilə bağlı” şikayətlərdir. “Əməkdaşlardan və ya xidmətdən narazılıq” alt kateqoriyası üzrə şikayətlərin həcmi 6,65 %-ə bərabər olmaqla ilk üçlüyü tamamlayır. Bu 3 xarakteristika üzrə daxil olan şikayətlər internet telekommunikasiya xidmətləri üzrə ümumi şikayətlərin 42,81 %-ni təşkil edir.
Platforma üzərindən daxil olan şikayətlərin çoxluğuna görə “Mobil rabitə” kateqoriyası ikinci yerdə qərarlaşıb. Belə ki, vətəndaş şikayətləri daha çox “Operator dəyişdirmə (nömrədaşıma)” (6,52 %), “Tariflərlə bağlı şikayət” (4,27 %) və “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (3,87 %) alt kateqoriyalarını əhatə edir.
“Telefon rabitəsi” sahəsi üzrə “Xidmətin işləməməsi ilə bağlı” (4,54 %), “Əməkdaşlardan və ya xidmətdən narazılıq” (1,31 %) və “İnfrastrukturla əlaqədar” (1,04 %) alt kateqoriyaları bu kateqoriya şikayətlərinin ilk üçlüyünü təşkil edir.
“Mobil internet” sahəsi üzrə şikayətlərdə “Operator dəyişdirmə (nömrədaşıma)” (0,83 %), “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (0,75 %) və “Tariflərlə bağlı şikayət” (0,37 %) alt kateqoriyaları ilk 3 yeri tutur.
Şikayətlərin coğrafiyasına gəldikdə, 52,55 % müraciət Bakı şəhərindən edilib. Eyni zamanda Abşeron – Xırdalan üzrə şikayətlərin payı 8,49 %, Sumqayıt şəhəri üzrə 4,75%, Lənkəran rayonu və Gəncə şəhərinin hər biri üzrə 2,22 % təşkil edib. Belə ki, Agentliyə daxil olan şikayətlərin ümumilikdə 70,23 %-i bu 5 ərazi vahidinin payına düşüb. Digər ərazi vahidlərinin hər biri üzrə müraciətlərin faiz göstəricisi 2,2 %-dən aşağıdır. Amma ümumilikdə müraciətlərin 29,77 %-ni təşkil edir.
Cari ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt (karqo) rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanıb. Belə ki, qısa zamanda bu istiqamətdə 219 müraciət daxil olub. Həmin müraciətlərin 62,56 %-i sürətli poçt rabitəsi xidmətləri üzrə, 37,44 %-i isə universal poçt rabitəsi xidmətləri üzrə olub.
Müraciətlərin təhlili onu göstərir ki, “E-Şikayət” sisteminə daha çox kişilər müraciət edir. Belə ki, ümumi şikayətlərin 82,78 %-i kişilər, 17,22 %-i isə qadınlar edib.
Telekommunikasiya sahəsində edilən şikayətlərin 84,69 %-i kişilərə, 15,31 %-i qadınlara məxsusdur. Poçt rabitəsi sahəsindəki şikayətlərə diqqət etsək, burada kişi və qadınların nisbətinin bərabərliyə daha yaxın olduğunu görərik. Belə ki, qeyd edilən sahədə müraciət edənlərin 52,05 %-i kişi olduğu halda 47,95 % şikayətçi qadındır.