Azərbaycanda kriptovalyuta habının açılması planlaşdırılır
- 30 aprel, 2025
- 15:03
Böyük onlayn rəqəmsal valyuta mübadiləsi xidməti olan “Binance” Azərbaycanda interaktiv kriptovalyuta mərkəzi – “Binance Hub” yaratmaq niyyətindədir.
Bu barədə “Report”a açıqlamasında “Binance”in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional direktoru Kiril Xomyakov bildirib.
Onun sözlərinə görə, bu hab Azərbaycanın aparıcı dövlət qurumlarından biri ilə birgə həyata keçiriləcək və təlim proqramları, seminarlar, hakatonlar, həmçinin təcrübə mübadiləsi və kripto icması ilə dialoq üçün platforma olacaq:
“Layihə ilkin mərhələdədir, lakin bütün maraqlı tərəflər artıq onun yaradılmasına dəstək ifadə ediblər. Hazırda mərkəzin konsepsiyası işlənib hazırlanır”.
Şirkətin regional direktoru vurğulayıb ki, əsas məqsəd “Binance Hub”ı ölkənin kriptovalyuta fəaliyyətinin mərkəzinə çevirməkdir: “Burada istifadəçilər suallarına cavab ala, təlimlərdə iştirak edə və innovativ layihələr inkişaf etdirə biləcəklər. Üstəlik, həm ekspertiza, həm də maliyyə dəstəyi təklif etməyə hazırıq”.
O qeyd edib ki, Azərbaycandakı müxtəlif təşkilatlar “Binance” ilə əməkdaşlığa yüksək maraq göstərir. Şirkət xidmətin lokallaşdırılmasını davam etdirir, buraya Azərbaycan dilində interfeys, dəstək xidməti, həmçinin yerli auditoriyaya uyğunlaşdırılmış təhsil və marketinq təşəbbüsləri daxildir.
Xatırladaq ki, ötən ilin sentyabrında “Binance” şirkəti İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Anlaşma Memorandumu imzalayıb. Son səfər zamanı “Binance” nümayəndələri həmçinin Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə görüşlər keçiriblər.
K.Xomyakovun sözlərinə görə, “Binance” 2025-ci ildə Azərbaycan istifadəçilərinin ehtiyaclarına yönəlmiş yeni məhsullar təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, 2025-ci ilin yanvarında Azərbaycanda “Binance Smart Chain” platformasında BEP-20 standartı ilə çalışan ilk milli kriptovalyutanı – “PortCoin”i təqdim edilib.