Azərbaycan süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələri sınaqdan keçirir

Azərbaycan süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələri sınaqdan keçirir Azərbaycanda artıq səhiyyə, təhsil, kənd təsərrüfatı, idman, rəqəmsal dövlət və bir çox digər sahələrdə süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələr sınaqdan keçirilir.
İKT
11 aprel 2025 11:42
Azərbaycan süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələri sınaqdan keçirir

Azərbaycanda artıq səhiyyə, təhsil, kənd təsərrüfatı, idman, rəqəmsal dövlət və bir çox digər sahələrdə süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələr sınaqdan keçirilir.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən VI Beynəlxalq Süni İntellekt və Böyük Məlumatlar Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qəbul edilmiş Süni İntellekt üzrə Milli Strategiya ölkənin etik, inklüziv və innovasiyaya yönəlmiş süni intellektə gedən yolunu müəyyən edir və bu strategiya beş əsas istiqamət üzərində qurulub.

"Birincisi - süni intellektin idarə edilməsi və tənzimlənməsidir: onun tətbiqi üçün normativ bazanın, etik standartların və qaydaların yaradılması. İkincisi - istedadlar və təhsildir: gənclərin süni intellektə yönəlmiş gələcək əmək bazarına hazırlanması, həmçinin bütün Azərbaycan vətəndaşlarının süni intellektin gətirəcəyi dəyişikliklərə uyğunlaşması. Üçüncüsü - infrastruktur və məlumat ekosistemidir. Superkompüterlər, data mərkəzləri, məlumatların saxlanması və yüksəksürətli internet olmadan süni intellektin inkişafını təmin etmək mümkün deyil", - o vurğulayıb.

F.Cəfərov qeyd edib ki, bu istiqamət ölkədə keyfiyyətli, təhlükəsiz və uyğun məlumatların təmin edilməsini nəzərdə tutur:

"Dördüncü istiqamət - tədqiqat və innovasiyalardır: süni intellekt sahəsində akademik cəmiyyətin, startapların və tətbiqi tədqiqatların dəstəklənməsi. Beşinci istiqamət - beynəlxalq əməkdaşlıqdır. Süni intellekt sahəsində dünya inkişafından təcrid olunmaq müsbət nəticələr verməyəcək. Məhz buna görə qlobal tərəfdaşlarla qarşılıqlı əlaqə və süni intellektin məsuliyyətli gələcəyinin formalaşmasında iştirak həlledici rol oynayır".

Son xəbərlər

Orphus sistemi