Azərbaycan fintex alyansı yaratmaq üçün danışıqlar aparır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib.
"Biz artıq regionun əksər ölkələri ilə əlaqələr qurmuşuq. Gələn ay fintex alyansının yaradılması üzrə işlərə başlayacağıq. Hazırda Türkiyə ilə danışıqlar aparır və nəticələri gözləyirik. Xəbər olduqca sizi məlumatlandıracağıq. Eyni zamanda müxtəlif şirkətlərlə əməkdaşlıq layihəmiz var, qarşılıqlı anlaşmaya dair memorandumlar imzalanıb", - deyə o qeyd edib.
"Biz sahənin inkişafına əməkdaşlıq yolu ilə diqqət yetiririk. Məsələn, hansısa ölkədə fintex sektoru daha yaxşı inkişaf edibsə, onlar bizim üçün vebinarlar təşkil edir və təcrübələrini bölüşür. Məsələn, son vebinar Polşanın fintex ekosistemi ilə birgə təşkil olunub. Onlar öz sistemləri haqqında danışıb, biz də öz sistemimiz barədə məlumat vermişik. Tədbir zamanı iki Polşa və iki Azərbaycan şirkəti öz layihələrinin təqdimatını keçirib, və əməkdaşlıq imkanlarını müzakirə edib", - deyə o əlavə edib.