Azərbaycan ABŞ-yə informasiya texnologiyaları xidmətləri ixrac edə bilər

Azərbaycan ABŞ-yə informasiya texnologiyaları xidmətləri ixrac edə bilər Azərbaycanla Pakistan arasında informasiya texnologiyalar (İT) sahəsində əməkdaşlığın inkişafı hesabına yerli bazarın bu xidmətlərə tələbatı ödənilə, Azərbaycan ABŞ, Avropa və Yaxın Şərqə İT xidmətləri ixrac edə bilər.
İKT
17 Yanvar , 2025 12:36
Azərbaycan ABŞ-yə informasiya texnologiyaları xidmətləri ixrac edə bilər
Xurram Javaid Bhatti

Azərbaycanla Pakistan arasında informasiya texnologiyalar (İT) sahəsində əməkdaşlığın inkişafı hesabına yerli bazarın bu xidmətlərə tələbatı ödənilə, Azərbaycan ABŞ, Avropa və Yaxın Şərqə İT xidmətləri ixrac edə bilər.

Bunu “Report”a açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti bildirib.

O qeyd edib ki, iki ölkə arasında İT sahəsində uğurlu əməkdaşlıq var: “Artıq bir neçə İT şirkəti Azərbaycanda fəaliyyətə başlayıb, kibertəhlükəsizlik və autsorsinq xidmətləri təklif edir. Yeni şirkətləri Azərbaycana gətirmək üçün əhəmiyyətli potensial var. Bu təşəbbüs təkcə Azərbaycan bazarının ehtiyaclarını qarşılamağı deyil, həm də Azərbaycandan ABŞ, Avropa və Yaxın Şərqə xidmətlərin ixracını nəzərdə tutur”.

Palata rəhbəri xatırladıb ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Pakistanın Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyası (COMSATS) arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb: "Bu təşəbbüsün əsas aspekti Azərbaycan gənclərini İT autsorsinq xidmətləri sahəsində təlimləndirməkdir ki, bu da məşğulluq imkanlarını artıracaq və ölkənin ixrac qabiliyyətini gücləndirəcək, eyni zamanda əmək bazarını genişləndirəcək və Azərbaycanın İT sektorunun inkişafına töhfə verəcək”.

Azərbaycanda 2023-cü il yanvarın 1-dən İKT sahəsi üçün güzəştlər tətbiq edilir. Texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri və şirkətlər də texnoparkın rezidenti ola biləcəklər. Texnoparkların rezident şəhadətnaməsini alan sahibkarlar bu sahə üzrə 20 %-lik mənfəət və gəlir vergisindən, həmçinin əmlak və torpaq vergisindən tam azad edilib. Bu vergilər sahibkarlıq subyektlərinin əsas vergi yükü hesab edilir. Texnoparkın rezident şirkətləri (o cümlədən kənar rezidentlər) demək olar ki, vergi ödəmir və vergi yükündən tam azaddır. Mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan 5 % dividend vergisi ləğv edilib. Texnoparkın rezidenti olan İT şirkətlərin səhmdarları dividend vergisi ödəməkdan azaddır və daha çox vəsait əldə edir. Texnoparkın rezidenti olan şirkətlərdə çalışan işçilərin gəlir vergisi 8 000 manatadək 0%, 8 000 manatdan çox olan hissəsi üçün 5 % müəyyən edilib. Gəlir vergisi 01.01.2026-cı ildən isə 7 il müddətinə gəlirin 5%-i həcmində müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi