Azərbaycanda uğurlu innovativ mühitin formalaşması üçün bütün şərait yaradılıb.
"Report" xəbər verir ki, bunu "FinTech Alliance" şirkətinin sədri Alastair Lukies jurnalistlərə açıqlamasında deyib.
"Görürəm ki, Azərbaycanda bu istiqamətdə inkişaf üçün çox böyük imkanlar var. Azərbaycanın vəziyyətini təsvir etdikdə gərək Böyük Britaniyadakı 10 il bundan əvvəl olan vəziyyətə nəzər yetirək. Demək olar ki, sizin vəziyyətiniz bizim həmin dövrdəki vəziyyətimizə oxşardır, hazırda isə Böyük Britaniya beynəlxalq maliyyə texnologiyası bazarının 10 % payına sahibdir.
Azərbaycanda bir çox banklar bu sahənin inkişafına təkan verir. Böyük banklar, dövlət qurumları, tənzimləyici orqanlar bir-birilə çalışmalı, maliyyə texnologiyaları və fintex sahəsi ilə əməkdaşlıq etməlidirlər. Bu halda onlar cəmiyyət üçün müsbət dəyişikliklərin əldə edilməsilə bağlı daha böyük şanslara malik olacaqlar. Yox, əgər banklar öz mövqelərində qalacaqlarsa, maliyyə texnologiyaları sahəsi daha aqressiv olacaqsa, o zaman yeni nailiyyətlərin əldə edilməsinə çətin ki, imkan olsun", - A. Lukies bildirib.
Şirkətin rəhbəri onu da əlavə edib ki, Böyük Britaniyada bu sahədə atılan ilk addımlardan biri ticarət assosiasiyasının yaradılması olub:
"Bu assosiasiyada həm banklar, həm maliyyə texnologiyaları, həm də digər şirkətlər təmsil olunub. Bundan başqa "sandbox" metodu tətbiq etdik. Bunun vasitəsilə kiçik şirkətlər maliyyə texnologiyaları haqqında öz bilik və bacarıqlarını artırdılar. Digər istiqamət isə istedadlara kapital və sərmayənin yatırılmasıdır. Biz müşahidə etdik ki, Bakıda istedadlar çoxdur. Bu sahəyə sərmayələrin yatırılması çox vacibdir".
Onun sözlərinə görə, bu günkü tədbirdə çıxışçılar qeyd edib ki, onlar birlikdə çalışaraq bu işi apara bilərlər: "Bu mənada Azərbaycanın şansı var. Çıxışlardan onu da başa düşdüm ki, Azərbaycanda nəinki daxili, habelə bütün region üçün müvafiq innovativ şərait və imkanlar var. Region dedikdə Mərkəzi Asiya və Avrasiyanı nəzərdə tuturam. Azərbaycan bu regionda işlərin irəli aparılması yolunda flaqman rolunu oynaya bilər".