ADB Azərbaycanda texnoloji startap ekosisteminin inkişafına dəstək verəcək
- 12 sentyabr, 2024
- 07:57
Asiya İnkişaf Bankının (ADB) prezidenti ikinci mərhələ çərçivəsində Asiya və Sakit Okean üçün Rəqəmsal İnkişaf Fonduna bir milyon ABŞ dolları ayrılmasına icazə verib.
"Report" bankın hesabatına istinadən xəbər verir ki, 250 min ABŞ dolları ADB-nin Texniki Dəstəklə bağlı Xüsusi Fondunun qrantı şəklində təqdim olunacaq. Qalan vəsaitlər ADB-nin idarəçiliyi altında Koreya Respublikasının Elektron Asiya və bilik sahəsində tərəfdaşlıq Fondunun (250 min ABŞ dolları) və Yüksək Texnologiyalar Fondunun (500 min ABŞ dolları) texniki yardımı hesabına təmin olunacaq.
30 avqust 2019-cu ildə başlayan və 2024-cü ilin dekabrında tamamlanması planlaşdırılan texniki yardımın birinci mərhələsi 1,5 milyon ABŞ dolları büdcəsi ilə başladı və nəticədə 4,05 milyon ABŞ dollarına yüksəldi.
Bank qeyd edib ki, birinci mərhələdə ADB rəqəmsal texnologiyalara tələbatın kəskin artması ilə üzləşib: 2023-cü ildə layihələrin 47 %-dən çoxu rəqəmsal komponentləri əhatə edirdisə, 2019-cu ildə bu göstərici cəmi 16 % təşkil edib.
“Texniki yardımın birinci mərhələsi ADB əməliyyatlarında rəqəmsal texnologiyaların təşviqində mühüm rol oynayıb. Onun həyata keçirilməsi zamanı problemlər ortaya çıxıb: ADB departamentləri arasında qeyri-kafi koordinasiya və texnologiyanın tətbiqinin effektivliyini məhdudlaşdıran rəqəmsallaşmanın ayrı-ayrı komponentlərinə fokuslanmaq. Əsas diqqət rəqəmsal transformasiyanın təməli olan genişzolaqlı şəbəkələrin və məlumat mərkəzlərinin yaradılması da daxil olmaqla rəqəmsal infrastrukturun inkişafına yönəldilib”, - hesabatda vurğulanıb.
ADB iqtisadçılarının fikrincə, rəqəmsal dəstəyə tələbat artdıqca, inkişaf etməkdə olan ölkələr məhdud maliyyələşdirmə və zəif institusional potensialla bağlı çətinliklərlə üzləşirlər. Texniki yardımın ikinci mərhələsi bu problemləri həll etmək və rəqəmsal transformasiya proqramlarını dəstəkləmək məqsədi daşıyır. ADB bankın əməliyyatlarında süni intellektin və böyük məlumatların tətbiqinə töhfə verəcək, rəqəmsal hökumət təşəbbüslərini genişləndirəcək və startap ekosistemlərini inkişaf etdirəcək.
İkinci mərhələ proqramı Banqladeş, Monqolustan və Çində süni intellektin tətbiqini, Ermənistan, Qazaxıstan, Kamboca və Tacikistanda rəqəmsal hökumət təşəbbüslərinin genişləndirilməsini, Azərbaycan, Laos və Şri-Lankada startapların inkişafını dəstəkləyəcək.
“Texnoloji startap ekosistemləri üçün cəlbetmə və investisiya modelləri rəqəmsal transformasiya, iqtisadi artım və iş yerlərinin yaradılmasını dəstəkləmək üçün nəzərdə tutulub. Startapların bu proseslərin əsas hərəkətverici qüvvələri kimi əhəmiyyətini qəbul edərək, bir çox ölkələrin hökumətləri onları dəstəkləmək üçün strukturlar, agentliklər və proqramlar yaradıblar. Bununla belə, startapların inkişaf və uğur səviyyəsi, eləcə də dəstəyə ehtiyac və ADB üçün potensial giriş nöqtələri əhəmiyyətli dərəcədə dəyişir”, - bankın analitikləri vurğulayıblar.
Onların fikrincə, startapların uğurlu inkişafı üçün dövlət siyasətini, dəstək proqramlarını, innovasiya və sahibkarlıq sahəsində təhsil təşəbbüslərini, həmçinin texnologiyaların ötürülməsi və əqli mülkiyyətin kommersiyalaşdırılması üçün infrastrukturu əhatə edən dinamik bir ekosistem lazımdır. Ekosistemdə, həmçinin biznes mələkləri, vençur investorları və dərin texnologiyaların inkişafı üçün kapitala çıxış da mühüm rol oynayır. Belə bir ekosistem iqtisadi artımın, məşğulluğun və innovasiyaların hərəkətverici qüvvəsidir.
Beləliklə, ADB startapların inkişafına töhfə verən siyasət, proqram və institutların hazırlanması və ya təkmilləşdirilməsi, startapların daha effektiv dəstəklənməsi üçün tədqiqatların aparılması və biliklərin əldə edilməsi, müxtəlif ölkələr və tərəfdaşlar arasında təcrübə və biliklərin mübadiləsi tədbirlərinin təşkili, ADB-nin giriş nöqtələrinin müəyyən edilməsi və startaplara dəstək üzrə layihə təkliflərinin hazırlanması yolu ilə Azərbaycanda texnoloji startap ekosistemlərinin inkişafına dəstək vermək niyyətindədir.
Texniki yardım, həmçinin ölkələrin süni intellektdən istifadə potensialının artırılmasına, onun risk və imkanlarının qiymətləndirilməsinə yönəldiləcək. ADB artıq Banqladeş, Çin və Monqolustanda süni intellekt sahəsində potensialın yaradılmasına və ona əsaslanan həllərin tətbiqinə kömək edib. Bundan əlavə, mövcud büdcədən, bankın həm sektor qruplarının, həm də inkişaf etməkdə olan üzv ölkələrin təcililik və maraq səviyyəsindən asılı olaraq onların digər ölkələrdə tətbiqini genişləndirmək niyyətindədir.
Beləliklə, ADB-nin 2030-cu ilə qədərki strategiyasına əsasən, texniki yardım çərçivəsində iş yerlərinin yaradılması, regional inteqrasiyanın təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, gender bərabərliyi və rəqəmsal idarəetmənin gücləndirilməsi də daxil olmaqla beş əsas prioritet həyata keçiriləcək.