"Azərbaycan Dəmir Yolları" yeni avtomobil tunelləri inşa edir

"Azərbaycan Dəmir Yolları" yeni avtomobil tunelləri inşa edir Son illər Azərbaycanın dəmir yollarında mühüm infrastruktur layihələri həyata keçirilir. Görülən işlər sırasında dəmir yolu keçidlərinin yeraltı avtomobil yolları (tunel) ilə əvəz edilməsi böyük əhəmiyyət kəsb edir.
İnfrastruktur
20 Aprel , 2020 09:45
Azərbaycan Dəmir Yolları yeni avtomobil tunelləri inşa edir

"Son illər Azərbaycanın dəmir yollarında mühüm infrastruktur layihələri həyata keçirilir. Görülən işlər sırasında dəmir yolu keçidlərinin yeraltı avtomobil yolları (tunel) ilə əvəz edilməsi böyük əhəmiyyət kəsb edir". 

Bu səpkidə görülən işlərlə bağlı  "Report" "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İnfrastruktur departamentinin rəisi Füzuli Quliyevdən açıqlama alıb.

"Ölkədə dəmir yollarının avtomobil yolları ilə eyni səviyyədə kəsişmələri mövcuddur və bu kəsişmələr dəmir yolu keçidləri adlanır. Hazırda ölkənin dəmir yollarında 520 keçid mövcuddur. Bunlardan 54-ü işğal altında olan ərazilərimizdədir. Qalan 466 keçiddən 399 ədədi baş və stansiya, 67 ədədi isə dalan yollarının üzərindədir. Hərəkət intensivliyi çox olan, əlverişsiz şəraitdə yerləşən 122 keçid növbətçilər tərəfindən tənzimlənməsi üçün qorunan keçid dərəcəsinə keçirilib. Bu keçidlər işarəvermə avadanlıqları və şlaqbaumlarla təchiz edilib. Lakin görülən bütün texniki, profilaktiki və digər tədbirlərə baxmayaraq keçidlərdə  avtomobil sürücülərinin təqsiri üzündən yol-nəqliyyat hadisələri baş verməkdə davam edir. Statistikaya əsasən təkcə 2014-2019-cu illər ərzində keçidlərdə 180 toqquşma hadisəsi baş verib. Hadisələr nəticəsində 19 nəfər ölüb, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu il isə 7 hadisə baş verib və 7 nəfər xəsarət alıb. Son illər dəmir yollarındakı infrastruktur layihələrinin icrası ilə əlaqədar dəmir yolu keçidlərində əsaslı təmir işləri aparmaqla bərabər daha təhlükəli keçidlərin yeraltı avtomobil tunelləri tikməklə ləğv edilməsi istiqamətində işlər icra edilməkdədir”, -  ADY rəsmisi qeyd edib .

“15 dəmir yolu keçidindən 8-i ləğv edilib, yeraltı avtomobil tunelləri tikilib”

F.Quliyev həmçinin bildirib ki, Bakı-Böyük-Kəsik istiqamətində yolların əsaslı təmiri zamanı mövcud 48 qorunmayan keçid qorunan keçid dərəcəsinə keçirilərək yenidən qurulub və paralel olaraq 27 qorunan keçid tam yenilənib: “Məqsəd əsaslı təmirdən sonra sərnişin və yük qatarlarında hərəkət sürətinin artması ilə əlaqədar təhlükəsizliyin təmin edilməsidir. Bilirsiniz Bakı-Gəncə sürətli elektrik qatarı artıq 1 ildən çoxdur ki, hərəkətdədir. Bakı-Sumqayıt dairəvi dəmir yolu xəttinin əsaslı təmiri və rekonstruksiya işləri zamanı isə mövcud 15 dəmir yolu keçidlərindən artıq 8-i ləğv edilərək yeraltı avtomobil tunelləri tikilib istifadəyə verilib. Bunlar Keşlə, Sabunçu, Muxtarov, Məmmədli, Kürdəxanı, Pirşağı, Fatmayı, Sumqayıt yaşayış məntəqələrində yerləşən tunellərdir. Əlavə olaraq ətrafda yaşayan sakinlərin xahişi nəzərə alınaraq keçid olmayan 2 yerdə (Sumqayıt Yaşıldərə massivi və Sabunçuda) yeraltı tunellər də tikilib istifadəyə verilib və 2 dəmir yolu keçidinin əvəzinə (Görədil və Zabrat qəsəbələrində) yeraltı tunellərin tikintisi davam etməkdədir. Və daha 4 keçidin əvəzinə iki yeraltı tunel və 2 ədəd körpü tikintisi planlaşdırılır”.

“Yeni tunellər inşa edilir”

Qurumun İnfrastruktur departamentinin rəisi  əlavə edib ki, tikilməkdə olan Zabrat yeraltı tunelinin tikintisinə 2 ay müddət tələb olunsa da, hazırda koronavirus pandemiyası ilə əlaqədar tikinti altına düşən torpaq sahələrinin və müxtəlif obyektlərin özgəninkiləşdirilməsi işləri dayandırılıb: “Yəni, bu məsələlər həll edilərsə podratçı şirkət tərəfindən tikinti işləri, qeyd etdiyimiz kimi, 2 aya başa çatdırılacaq. Digər yeraltı tunel Görədil qəsəbəsi ərazisində inşa edilməkdədir. Eyni məsələlər həmin tunelin tikintisində də mövcuddur, yəni tikinti altına düşən torpaq və tikililərin kompensasiyalar ödəməklə onların alınması məsələsidir. Bu işlər həll edildikdən sonra tikintinin yekunlaşması üçün 2,5-3 ay vaxt tələb olunur. Bir daha qeyd etmək istəyirəm ki, koronavirus pandemiyası ilə əlaqədar hər iki tuneldə işlər müəyyən qədər geciməyə məruz qalacaq. Hər halda cari ilin yay-payız aylarında tikintilərin yekunlaşmasını düşünürük. Ümumiyyətlə, ölkə üzrə dəmir yollarında yeraltı avtomobil tunellərinin sayı 10-dur. Əlavə olaraq 20 ədəd dəmir yolu ötürücüləri mövcuddur ki, onların da altında avtomobillərin hərəkəti həyata keçirilir”.

"Bu layihələrdən paytaxtla yanaşı, Bakı ətrafı kənd və qəsəbələrdə, eyni zamanda bölgələrdə yaşayan vətəndaşlar da bəhrələnirlər".

O deyib ki, bu yeraltı avtomobil keçidlərinin tikintisi ilk növbədə yuxarıda qeyd etdiyimiz kimi dəmir yolu və avtomobil nəqliyyat növlərinin təhlükəsiz hərəkətinə istiqamətləndirilib: “Ölkəmizin hər yerində o cümlədən paytaxtın yol nəqliyyat sektorunda yeni yolların salınması mövcud yol təsərrüfatının yenidən qurulması istiqamətində icra olunan vacib layihələrin ardıcıl xarakter aldığının görürük. Bu layihələrin paytaxtla yanaşı Bakı ətrafı kənd və qəsəbələrdə, eyni zamanda bölgələrdə yaşayan vətəndaşlar da bəhrələnirlər. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığının aydın təzahürüdür. Tunellərin tikintisi qatarların və avtomobillərin təhlükəsizliyinin təmin edilməsi ilə bərabər tıxacların qarşısının alınmasında, sürücülərin və sərnişinlərin mənzil başına vaxtında, təhlükəsiz və rahat çatması baxımından mühüm rola malikdir. Qeyd olunduğu kimi dəmir yolu xəttinin avtomobil yolu ilə eyni səviyyədə kəsişməsində bu cür tunellərin tikintisi çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu layihə qatarların sürətli, fasiləsiz və qrafikə uyğun hərəkətinin təmin edilməsində vacib rol oynayır. Bu eyni  zamanda avtomobillərin də hərəkətinin intensivliyini təmin edir, beləliklə qatarlarla avtomobillərin hərəkəti bir-birinə maneə yaratmadan təhlükəsiz şəraitdə təşkil edilir”.

"Bakı-Abşeron dairəvi dəmir yolunda 25 yeni yeraltı və ya yerüstü piyada keçidləri tikilib" 

“İnşa olunan tunellərdə birmənalı olaraq piyadaların dəmir yolunun bir tərəfindən digər tərəfinə keçməsini təmin etmək üçün keçidlər nəzərə alınır. Bu hal mövcud şəraitə görə planlaşdırılır. Şəraitə uyğun olaraq tunellərdə piyada səkiləri, səkilər mümkün olmadıqda yeraltı tunellərə yaxın ərazilərdə müəyyən edilmiş yerlərdən müasir standartlara cavab verən yeraltı və ya yerüstü piyada keçidləri inşa edilmişdir və bu işlər davam etdirilir. Vətəndaşların təhlükəsizliyini nəzərə alaraq Bakı-Abşeron dairəvi dəmir yolunda 25 yeni yeraltı və ya yerüstü piyada keçidləri tikilib. Hazırda 5 yeni yerüstü piyada keçidinin tikintisi işləri aparılır və 3-ü də planlaşdırılır. Yenə də COVİD-19 pandemiyasına görə tikinti işlərində gecikmələr olacaq. Ümumilikdə “Azərbaycan Dəmir Yolları” QSC-də 43 ədəd piyadaların təhlükəsizliyini təmin etmək üçün yeraltı və yerüstü piyada keçidləri mövcuddur”, - qurumun İnfrastruktur departamentinin rəisi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi