Kazım Abdullayev: "Amaliya Pənahova hələ də mənimlə danışmır" - MÜSAHİBƏ

Kazım Abdullayev: "Amaliya Pənahova hələ də mənimlə danışmır" - MÜSAHİBƏ "Həsənağa Turabov elə sillə vurdu ki, gözlərimdən alov çıxdı"
İncəsənət
6 Aprel , 2017 13:04
Kazım Abdullayev: Amaliya Pənahova hələ də mənimlə danışmır - MÜSAHİBƏ

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı, kino və teatr aktyoru Kazım Abdullayevin doğum günüdür. Onun 64 yaşı tamam olur. Bu münasibətlə Kazım Abdullayev "Report"a müsahibə verib. 

- Bu gün doğum gününüzdür. Necə qeyd etməyi düşünürsünüz?

- Adi günlərdəki kimi işdə olacağam. Axı niyə qeyd edim, bir yaş da qocalıram. Adətən, belə mərasimlər cavanlar üçündür, qoy onlar qeyd etsinlər. Mən artıq qocalmışam.

- Bir az karyeranızın başlanğıcından danışaq. Yolunuz Sumqayıt Dövlət Musiqili Dram Teatrına necə düşdü?

- Həmin vaxt kinostudiyanın rəhbəri Adil İsgəndərov kurs açmaq üçün 12 nəfər tələbə qəbul etmişdi. Biz universiteti bitirəndə təyinatlarımızı kinostudiyaya verdilər. Tərslikdən bizim diplom tamaşası olan günü Ədil bəy işdən çıxarıldı. Yeni gələn rəhbər isə heç bir tapşırıq vermədiyini, ona aktyor lazım olmadığını bildirdi. Bununla ümidlərimiz puç oldu. daha sonra bir il əsgərlik müddətimi başa vurub Mədəniyyət Nazirliyinə yaxınlaşdım. Onlar məni Lənkərana göndərmək istəyirdilər. Elə bu vaxt dəhlizdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Vaqif Şərifovla qarşılaşdıq. O, məni teatra dəvət etdi.

- Lənkərana göndərsəydilər necə gedəcəkdiniz?

- Axı niyə getməməliydim ki, cavan oğlan idim. Ancaq hər aktyorluq fakültəsini bitirən tələbə kimi mənim də içimdə kinoda rol almaq həvəsi var idi. Bilirdim ki, Lənkərana getsəm, bu iş çətin alına. Çünki Lənkəran Bakıdan çox uzaq idi. Ona görə də Sumqayıtı seçdim.

- Bəs 20 il işlədikdən sonra həmin sənət ocağından ayrılmağınıza səbəb nə oldu?

- 1990-cı illər ağır illər idi. Teatrın maaşı da olduqca az idi. Hər gün mənə Sumqayıta gedib-gəlmək çətin olurdu. Uşaqlar da böyüyürdülər və artıq onları oxutmaq da lazım idi. Ona görə də Bakı Bələdiyyə Teatrına müracət etmək qərarına gəldim. Həmin vaxt teatrın rəhbəri Amaliya Pənahova idi. Həmin səhnə ocağında işlədiyim müddətdə bölgələrə tez-tez səfərlərimiz olurdu. Bir  çox rollara həyat verdim. Ancaq bir müddət sonra Bakı Bələdiyyə Teatrı mənə darlıq etməyə başladı (gülür). Buna səbəb teatrın binasının olmaması idi. Sumqayıt teatrında da eyni vəziyyət mövcud idi. Teatrların öz binası olmayanda işlər ləng gedir. Mən isə işləmədən dayana bilmirdim. Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına müraciət etdim. Əvvəlcə yer olmadığından məni qəbul etmədilər. Mən də müqavilə ilə işləməyi təklif etdim. Beləliklə, dörd-beş tamaşadan sonra məni bəyəndilər və işə qəbul etdilər.

- Amaliya Pənahova ilə münasibətiniz necə olub?

- Mən teatrdan ayrılmaq istəyənə qədər yaxşı idi. Ancaq teatrdan getdiyimə görə mənimlə danışmır. Gərək məni başa düşəydi. Çünki boş qala bilmədiyimi, sanki iş olmayanda qocaldığımı bilirdi. Bədii rəhbər ilə aktyor arasında yaşananlar bizdə də baş verdi. İndi qarşılaşanda salamlaşırıq, amma əvvəlki isti münasibət daha yoxdur.

- Ümumiyyətlə, teatr rəhbərləri ilə münasibətiniz necə olub?

- Mən problemsiz insanam, bütün verilən tapşırıqları da edirəm. Heç rəhbərlərin otağının yerini də bilmirəm və bilməli də deyləm. Bu, mənim işim deyil. Hətta İsrafil İsrafilov da məni çox istəyirdi. Teatrdan ayrıldıqdan sonra belə mənim haqqımda xoş sözlər danışırdı. Amma ayrılmaq məcburiyyətində qaldım. Çünki teatrı başqa istiqamətə çəkmək istəyirdi. Təəssüf...

-

Axı başqa istiqamət deyəndə nəyi nəzərdə tutursunuz?

- Bu, uzun məsələdir. Gedənin arxasınca danışmaq da mənə yaraşmaz. Biri var şəxsi münasibətlərdə problem yarana, biri də var teatra zərbə vurula. Ancaq vaxtında problemin qarşısı alındı. İndi hər şey yaxşıdır, tamaşalar gedir, aktyorlar bir-biri ilə çox mehribandır.

- Bölgələrdə çox olduğunuzu qeyd etdiniz. Yəqin xatirləriniz də çox olar...

- Ən çox yadımda qalan "Atları yəhərləyin"in çəkilişlərində Həsənağa Turabovun mənə sillə vurması olub. Boyca ondan hündür idim, həm də rejissor elə yer seçmişdi ki, mən ondan yüksəkdə dayanırdım. Silləni rahat vura bilməsi üçün ayağının altına kərpic qoymaq qərarına gəldilər. Rejissor göstəriş verdikdə sillənin üzümə doru gəldiyini görüb dərhal geri çəkildim. Həsənağa Turabovun əli boşa getdiyindən yerə yıxıldı. O, məni yenidən vuranda özümü sıxdım. Rəhmətlik ikinci dəfə elə sillə vurdu ki, gözlərimdən alov çıxdı.

Bir dəfə də film çəkilişləri zamanı məni at qaçırmışdı. Kəndin cavan oğlanları bir at gətirdilər və mənə bu atı çapa bilməyəcəyimi dedilər. Təbii ki, gənc olduğumdan bu söz mənə toxundu. Ata minən kimi sürətlə qaçmağa başladı. Mən də heç cür saxlaya bilmirdim. Məni üstündən atmaq üçün o tərəf bu tərəfə çırpınırdı. Ancaq bərk durmuşdum. Rejissor bunu gördü və bir dəfə də ata minməyimi istədi. Çünki çox xoşuna gəlmişdi. Birtəhər də olsa yenidən ata minib çapdım.

- Siz rus və alman rejissorları ilə işləmisiniz, fərqi nədə görürsünüz?

- Artıq rusların öz film məktəbləri var. Çəkilişlər çox rahat gedirdi. Alman rejissor isə tamam fərqli idi. O, bizə qrafik qurmuşdu. Saat neçədə oyanmalı, yeməli, dincəlməli və çəkiliş meydançasında olmalı. Vay o gündən ki, bir az gecikərdin. Onda səs-küy salıb hər dəqiqəsinin 200 avro olduğunu deyərdi. Ona görə də sistemli işləyirdik. Bizdə isə problem yalnız maliyyədir. Əgər rejissor çəkiliş meydanında istədiyini edə bilmirsə, film nə olacaq? Bir dəfə serial çəkilişi zamanı niyə bu ailənin bir dəfə oturub niyə süfrə arxasında söhbət etmədiyini soruşdum? Rejissor da cavab verdi ki, həmin süfrənin qurulması üçün sərf olunan pulu versələr, bir film çəkər. Əgər maliyyə problemi olmasa, hər şey qaydasındadır.

- Rol təklif olunarkən xarakterin necə olduğuna diqqət edirsiniz?

-Xeyr fərqi yoxdur. Mənfi obrazın da öz xüsusiyyətləri var. Mənim üçün əsas həmin insanın xarakterini tamaşaçıya çatdırmaqdır. Düzdür, sərt görünüşümə görə daha çox mənfi obrazlar canlandırmışam. Ancaq buna baxmayaraq, tamaşaçılarım məni sevir ( gülür). 

Son xəbərlər

Orphus sistemi