Yuxarı

“70 min avroya 8 kukla hazırladılar” - MARİONET TEATRINDAN REPORTAJ

“Dünyada bu kuklaları hazırlayan çox az sayda insan var”

Bakı. 24 yanvar. REPORT.AZ/ Ötən il dekabrın 28-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Marionet Teatrının açılışı baş tutub. Üç ildir təmirə dayanmış teatr tamaşaçılarının görüşünə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə gəlib. "Report"un əməkdaşları "Marionet" Teatrı və yaradıcı heyətinin fəaliyyəti ilə yaxından tanış olub.  

Səssizliyə qərq olmuş teatr binası

Teatrın binasına daxil olduqda gözlədiyimizdən çox fərqli bir mənzərə ilə qarşılaşdıq. Adətən, teatr binalarının çox geniş foyesi olur. Lakin "Marionet"in foyesi bizdə muzey təəssüratı yaratdı.

Bizə teatrla yaxından tanışlıq üçün ilk olaraq "Marionet"in aktyoru Nazim Hüseynov bələdçilik etdi. Beləliklə, baxıllarımızı geyinib birlikdə teatrın binasını gəzməyə başladıq.

Sanki səssizliyə qərq olmuş binanın girişində qədim su quyusuna rast gəldik. Ancaq işıqlanma sistemində problem olduğundan heç nə müşahidə edə bilmədik. Binanı gəzdikcə hər baxdığımız yerdə sanki fərqli bir şey kəşf edirdik. Diqqətimizi isə daha çox bir-birindən gözəl kuklalar çəkdi.

Tamaşa zalının yerləşdiyi mərtəbəyə çatdıqda "Marionet"in bədii rəhbəri Tərlan Qorçu ilə rastlaşdıq. Səhnədə “Leyli və Məcnun” tamaşasının məşqləri gedirdi. Təbii ki, səhnə arxasına daxil olmaq və çəkiliş aparmaq üçün icazə istədik. Ayaqlarımıza baxaraq bir az fikirləşdi və sonra "mənim üçün bura çox müqəddəsdir, əslində ayaqqabı ilə bura daxil olmağa heç kimə icazə vermirəm, ancaq siz qonaqsınız, həm də ayaqlarınızda baxıl var” deyərək içəri daxil olmağımıza izn verdi.

Səhnə kimi, arxası da çox kiçik idi. Bu balaca yerin təxminən yarısını yalnız döşəmədən ibarət lift tutur. Həmin lift vasitəsilə kuklalar aşağı mərtəbəyə endirilir, nasazlıqları bərpa olunaraq geri qaytarılır. Tamaşada zəruri olmayan kuklalar isə xüsusi kisələrdə saxlanılır.

Sanki teatrı gəzdikcə keçmişdən gələcəyə ekskursiya edirdik. Nəhayət, sonuncu mərtəbəyə çatdıq. Nazim Hüseynov müasir tərzdə dizayn edilmiş bu zalın səhnə əsərinin nümayişindən sonra aktyorlar və tamaşaçılar üçün görüş məkanı olaraq düşünüldüyünü bildirdi: “Buradan gecələr Bakının gözəl mənzərəsini müşahidə etmək mümkündür. Otağın damı tam fərqli bir şəkildə dizayn edilib. Yəni tavan və pəncərələr asanlıqla yığıla bilir. Bu da əsasən yay ayları üçün nəzərdə tutulub”. 

Bundan sonra bələdçimizlə birgə Tərlan Qorçuyevin otağına yollandıq.

İllərin sınağından çıxan "Marionet"

Tərlan Qorçu Azərbaycanda marionet teatrı mövcud olmadığı vaxtlarda bir neçə nəfərlə “Arşın mal alan” operettasının marionet tamaşası üzərində çalışmağa başladıqlarını söylədi: “Marioneti çox çətinliklə saxladıq. İlk premyeramızı Fransada keçirmişik. Belə ki, “Arşın mal alan” tamaşasını yenicə tamamlamışdıq. Bizi Fransada keçirilən Azərbaycan günləri tədbirinə yolladılar. 1990-cı illərdən sonra çətin günlərimiz başladı. Çünki nə lazımi vəsait, nə də teatrın binası var idi. Sistemli şəkildə işləmək də mümkün deyildi. Təəssüf ki, həmin illərdə yalnız qastrol səfərlərimiz olub. Üç il bundan əvvəl Almaniya və İsveçdə keçirilən Azərbaycan günlərində ölkəmizin teatrını məhz "Marionet" təmsil edib. Bundan sonra teatr sanki yenidən kəşf edildi. Mehriban Əliyevanın göstərişi ilə iki işə start verildi: teatrın binasının qurulması və yeni tamaşaya hazırlıq. "Marionet"in açılışında və ilk tamaşada da birinci xanım özü iştirak etdi”.

Muzey, yoxsa teatr?

Bədii rəhbər teatrın muzeyə bənzəməsi ilə bağlı fikrimizlə razılaşdı: “Əslində karvansara tipli binadır. Yenidənqurma işi aparılarkən iki konsepsiya nəzərdə tutmuşduq. Birincisi, keçmişdən müasir dövrə keçid, ikincisi isə demokratiya. Burada rahatlıqla istədiyiniz əşyaya toxuna bilərsiniz. Ən əsası isə binada demək olar qapı yoxdur, yəni hər şey əlçatan və şəffafdır. Bura hər kəs yalnız tamaşa yox, binanı gəzmək üçün də gələ bilər”.

Estetik gözəllik

Tamaşanın məşqləri zamanı aktyorların fiziki quruluşları çox diqqətimiz çəkdi. Tərlan Qorçu da bildirdi ki, marionetlərdə aktyorlar üçün ən başlıca tələb plastikadır: "Çəkili insanlar üçün isə kiçik səhnədə hərəkət etmək çox çətin olardı. Əgər maraqlansanız, əməkdaşlarımızın çoxunun idman və ya rəqslə məşğul olduğunu bilərsiniz. Çünki bəzən onlar səhnədə görünməli olurlar. Ona görə də aktyorların bədən quruluşu tamaşaçının diqqətini kuklalardan yayındırmamalıdır”.

70 min avroluq kuklalar

Tamaşaların hazırlanmasının 3-5 il vaxt aldığını deyən bədii rəhbər bunun üçün maddi vəsaitin də vacibliyini vurğuladı: "Uzun müddət fasilə verdiyimizə görə kuklalarla bağlı problem yaşadıq. Təəssüf ki, artıq Bakıda belə kuklaları hazırlayan usta qalmayıb. Biz də İtaliyanın Karlo Kollo Marionet Teatrına müraciət etdik. Bizə tamaşanın nümayişi üçün 8 əsas personaj lazım idi. Uzun müddət aparılan danışıqlardan sonra razılıq əldə etdik. İki il ərzində 70 min avroya 8 kuklanı hazırladılar. Bunlar bədii və texniki cəhətdən çox incə kuklalardır. Təbii ki, geyimi, rənglənməsi, kuklanın özünün hazırlanması həm vaxt, həm də pul tələb edir. Dünyada bunları hazırlayan çox az sayda insan var. Onların baha olmasının ən başlıca səbəbi də budur".

İtalyan “Leyli və Məcnun”

Tərlan Qorçu italyan ustaların hazırladığı kuklalardan da razı qalmayıb: "Mən sonradan anladım ki, italyanlar estetik cəhətdən istədiyimizi verə bilməyəcəklər. Bu kuklalar italyan “Leyli və Məcnun”u olacaq (gülür). Daha sonra özümüz onlarda bəzi dəyişikliklər edib istədiyimiz nəticəni aldıq".

Mənim üçün çox dəyərlidir: həm bu teatr, həm də kuklalarım...

Teatrdakı kuklalar və rəsmlərin əksəriyyəti elə bədii rəhbərin şəxsi kolleksiyasına aiddir. Aralarında ən dəyərliləri isə bir əsrə yaxın yaşı olan Hindistan və İndoneziya kuklalarıdır. Onlardan birini teatrın foyesində, digərini isə otağında saxlayır. Qiymətləri 5 min manat aralığındadır. 

"İtaliyanın Karlo Kollo Marionet Teatrında hərdən maliyyə çətinliyi olanda kuklaların eynisini hazırlayıb əslini satırmışlar. Ancaq mənim satmağa o qədər çox kuklam yoxdur. Həm də insanın necə əli gələr, sanki xatirələrini satırsan... Mənim üçün çox dəyərlidir: həm bu teatr, həm də kuklalarım..." -  Tərlan Qorçu deyib.

Foto: Firi Salim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi