Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib Bakı. 7 avqust. REPORT.AZ/ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
Hərbi
7 Avqust , 2018 16:54
Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

Bakı. 7 avqust. REPORT.AZ/ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Xatirə günü tədbirlərinə şəhid zabitin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsi qarşısında keçirilən anım mərasimi ilə start verilib.

Müdafiə Nazirliyinin rəsmiləri, qəhrəmanın valideynləri, vaxtilə xidmət etdiyi hərbi hissənin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri şəhidin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər. Şəhidin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Layihənin müəllifi, əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bu kimi tədbirlərin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də gənclərin vətənpərvərlik nümunələri, qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsində ordumuzda layiqli əsgərlərin yetişməsində xüsusi əhəmiyyət kəsb etdiyini və Müdafiə Nazirliyi rəhbərliyinin bu işə xüsusi önəm verdiyini vurğulayıb.

Qeyd olunub ki, Məzahir Rüstəmov 1960-cı ilin baharında Bakı şəhərində doğulub. İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, dədə-baba yurdu olan Gədəbəydə vəziyyət gərginləşəndə, Başkənd erməni quldurlarının şeytan yuvasına çevriləndə (bu kənd 1920-ci ildə sovet hakimiyyəti rəhbərliyinin ikili siyasəti nəticəsində ermənilərə bağışlanmış və Azərbaycanın ərazisi olmasına baxmayaraq, Ermənistanın xəritəsinə salınmış, anklav kimi rəsmiləşdirilmişdir) Dövlət Mətbuat Komitəsində tutduğu məsul vəzifədən imtina edərək könüllü Azərbaycan ordusuna yazılmış və Gədəbəy rayonuna yollanmışdır. Bu o vaxtlar idi ki, Gədəbəy rayonunun da sərhəd kəndləri intensiv olaraq atəşə tutulurdu, dinc əhali vəhşicəsinə qətlə yetirilirdi və Başkənd isə bir kabusa çevrilmişdi.

Professor İzzət Rüstəmov oğlunun dincliyini, vəzifəsini buraxıb könüllü cəbhəyə getməsi çoxlarına təəccüblü görünsə də, o, həqiqətən ön səngərdə, qanlı döyüşlərdə idi və Vətənə övladlıq borcunu nümunəvi xidməti ilə ödəyirdi.

Nəzərə çatdırılıb ki, 1992-ci il avqust ayının 6-da düşmənlər tank və digər zirehli texnikalar, canlı qüvvə ilə qəflətən Mutudərə istiqamətində hücuma keçəndə bölük komandirinin müavini leytenant Məzahir Rüstəmov bölüyün əsgərləri ilə birlikdə döyüş növbəsində idi. Onlar muhasirəyə düşsələr də son gülləyə, son nəfəslərinədək mübarizə aparırlar. Erməni quldurlarına əsir düşməmək üçün gənc zabit son qumbaranı sinəsinə sıxaraq həm özünü, həmdə onu əsir götürmək istəyən bir neçə düşməni məhv edir. Azərbaycan ordusunun əks-hücumu nəticəsində Məzahirin və onun silahdaşlarının intiqamı tezliklə alınır. Başkənd quldurlardan tamamilə azad edilir, bir çox strateji əhəmiyyətli zirvələr ələ keçirilir, Gədəbəyin sərhədyanı kəndlərinin təhlükəsizliyi təmin edilir. Məzahir Rüstəmovun nəşi isə avqustun 9-da Bakıya gətirlir və izdihamın iştirakı ilə Şəhidlər xiyabanında son mənzilə uğurlanır.

A.Qurbani bildirib ki, qəhrəman döyüşçü ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Adı əbədiləşdirilərək Bakı şəhərində təhsil aldığı orta məktəbə və küçələrdən birinə verilib, yaşadığı binaya xatirə löhvəsi vurulub, Gədəbəy şəhərində abidəsi ucaldılıb. Məzahirin ailəsi də digər şəhidlərimiz kimi həmişə dövlətimizin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. Məzahir döyüşə gedərkən altı aylığında olan qızı Təhminə isə artıq boya-başa çatıb, ailə həyatı qurub və bir övladı var. O, dövlət qulluğunda çalışır.

Milli Qəhrəmanın atası professor İzzət Rüstəmov və anası Rəfiqə xanım bütün şəhid ailələrinə, Qarabağ müharibəsinin veteranlarına, döyüşlərdə sağlamlığını itirənlərə dövlət qayğısının yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyi rəhbərliyinə minnətdarlıq ediblər.

Məzahir Rüstəmovun döyüşçü dostu Maarif Abbasov, xidmət etdiyi hərbi hissənin zabiti Eldəniz Nəsirov və başqaları çıxış edərək Milli Qəhrəmanın şücaətindən danışıb və bu gün də şəhidlərimiz intiqamını almaq üçün Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bəyan ediblər.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifadəsində təqdim edilən “Bir bayraq altında cəm olsun hamı, cənnət Qarabağa səfərimiz var!” ədəbi-bədii kompozisiya tədbir iştirakçılarının işğal altında olan şəhər və rayonlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini daha da artırıb. Növbəti tədbir Milli Qəhrəmanın 26 il öncə şəhidlik zivəsinə ucaldığı Mutudərə kəndinin üstündəki yüksəklikdə keçirilib.

Bir il öncə şəhid qəhrəmanın valideynləri bu bölgədə vətən müdafiəçiləri ilə görüşəndə arzu etmişdilər ki, bu yerdə xatirə abidəsi ucaldılsın, bu həm ailə üçün, həm mutudərəlilər üçün təsəlli, həm də burdan keçib zirvələrə döyüş növbəsinə gedən gənc əsgərlər üçün nümunə olardı.

Abidənin üzərindəki bəyaz örtük götürülüb. Əsgərlər yaylım atəşi ilə qəhrəmanlara ehtiramlarını bildirib, Mutudərə ağsaqqalları, Məzahir Rüstəmovun silahdaşları, bölgənin keşiyində ayıq-sayıq dayanan, düşmən təxribatlarının qarşısını mərdliklə alan igid döyüşçülər çıxış edərək Azərbaycan Ordusunun güc və qüdrətindən danışıb, istənilən döyüş əmrini yerinə yetirməyə hər an hazır və qadir olduqlarını bəyan ediblər.

Qara mərmər lövhədən boylanan igid oğlunu bayatı, ağılarla oxşayan Rəfiqə ana hər bir Vətən əsgərinin simasında Məzahiri gördüyünü deyib, heç bir əsgər anasının sinəsinə oğul dağının çəkilməməsinə, Vətən keşiyində duran oğulların sağ-salamat xidmətlərini başa vuraraq evlərinə dönmələrini arzulayıb.

Professor İzzət Rüstəmov şəhid ailəsinin bu arzusunu reallaşdırdığına görə bir neçə gün öncə bölgəyə səfər edən, döyüşçülərlə yanaşı yerli sakinlərlə də görüşən, onların problemləri ilə maraqlanan Müdafiə naziri general-polkovnik Zakir Həsənova və nazirliyin digər rəhbər heyətinə dərin minnətdarlığını bildirib.

Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Bədii Təşviqat Dəstəsi qəhrəmanlıq, vətənpərvərlik mövzusunda ədəbi-musiqili kompozisiya təqdim edib.

Milli Qəhrəman Məzahir Rüstəmovun xatirə günündə bölgədəki hərbi hissələrdə dayaq məntəqələrində, döyüş mövqeylərində, anım tədbirləri, görüşlər keçirilib, qəhrəman haqqında çəkilmiş sənədli filmlərin nümayişi və kitabların təqdimatı olub.

Son xəbərlər

Orphus sistemi