Yuxarı

Dövlət başçısı: "Bu gün hərbi şəhərcik, hissə və bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir"

Dövlət başçısı: "Bu gün hərbi şəhərcik, hissə və bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir"

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bu gün hərbçilərin həyatında çox əlamətdar bir gündür. Bu gözəl binada 394 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilir. Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Arzu edirəm ki, bu gözəl binada rahat yaşayasınız".

"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində deyib. 

Dövlət başçısı bildirib ki, bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib: "Bilirsiniz ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl mənim tərəfimdən müvafiq fərman imzalanmışdır. Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir. Azərbaycan nadir ölkələrdəndir ki, belə proqram icra edilir. Bu, bir daha dövlətimizin hərbi qulluqçulara göstərdiyi böyük diqqətin təzahürüdür, bunun nümunəsidir. Onu da qeyd etməliyəm ki, hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Son illərdə bir çox hərbi şəhərciklərimizdə əsaslı təmir-bərpa işləri aparılmışdır. Bir çox şəhərciklər yenidən tikilmişdir. Hərbçilərin, əsgər və zabitlərimizin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb. Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hərbi hissələrin təmiri nəzərdə tutulur. Dövlət bu məqsədlər üçün vəsait ayırır və bundan sonra da ayıracaqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi