Bu gün “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
"Report" xəbər verir ki, mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib ki, Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsində yarışlara qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir. Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə keçirilməsi üçün
S.Bəkirov vurğulayıb ki, Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edirlər: " Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edirlər".
Bildirilib ki, “Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmiş Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Respublikasının Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin heyətləri yarışlara hazırdır.
Müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.
“Dəniz kuboku - 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Rusiya Hərbi Dəniz Donanmasının komandasının “Dəniz Kuboku–2019” yarışlarına tam hazır olduğunu deyən Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb: “Oyunlar ən yüksək səviyyədə təşkil olunub. Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. Rusiya bu oyuna həmişə böyük önəm verir. Biz bu il heyətə yeni tipli - kiçik artilleriya gəmiləri daxil etmişik”.
İştirakçılara uğurlar arzulayan Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov Bakıda keçirilən “Dəniz kuboku-2019” yarışına hazırlığın yüksək səviyyədə olduğunu bildirib.
İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Hüseyn Həsəni yarışın əhəmiyyətini vurğulayaraq deyib: “Hazırlıq çox gözəl təşkil edilib. Bu yarışda yenidən iştirak etməkdən məmnunuq. Bu dostluq yarışıdır. Ümidvaram, hərbi sahədə əlaqələr ictimai, siyasi, mədəni sahələrdəki əlaqələrə də müsbət təsir edəcək. İştirakçılara uğurlar arzulayıram”.
Mətbuat konfransında, həmçinin iştirakçı heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib.
Tədbirdə mətbuat nümayəndələrinin sualları ətraflı cavablandırılıb.