Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin nümayəndələri ilə respublikanın ümumtəhsil orta məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə görüş keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə gənclərdə zabit peşəsinə marağın aşılanması, o cümlədən hərbi vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha səmərəli təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi rəhbərlərin təklifləri dinlənilib.
Milli Müdafiə Universitetinin təşviqat qrupunun zabitləri Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi, hərbi kolleclərə, eləcə də hərbi liseylərə qəbul qaydaları haqqında ətraflı məlumat verərək hərbi təhsil müəssisələrinin təminatından, sosial-məişət şəraitindən danışıb, eləcə də qəbulla bağlı sualları cavablandırıblar.
Görüşdə, həmçinin hərbi məktəblər haqqında videoçarxlar və hərbi vətənpərvərliyə dair filmlər nümayiş etdirilib.