Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi: "Rusiyanın Kiyev şəhərini tutmağa gücü yoxdur" - MÜSAHİBƏ

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi: "Rusiyanın Kiyev şəhərini tutmağa gücü yoxdur" - MÜSAHİBƏ Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilovun "Report"un Şərqi Avropa bürosuna müsahibəsi
Hərbi
9 Fevral , 2023 12:49
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi: Rusiyanın Kiyev şəhərini tutmağa gücü yoxdur - MÜSAHİBƏ

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilovun "Report"un Şərqi Avropa bürosuna müsahibəsi

- Cənab Danilov, rəsmilər fevralın 23-24-də müharibənin başlanmasının ildönümündə Rusiyanın Ukraynaya növbəti irimiqyaslı hücumunun gözlənildiyini fərz edir. Siz yanvarın əvvəlində mətbuata verdiyiniz açıqlamada bunun daha çox informasiya hücumu olduğunu qeyd etmisiniz, amma bu yaxınlarda real gözlənti olduğunu da qeyd etdiniz. Ukrayna bu hücumu dəf etməyə nə dərəcədə hazırdır?

- Bilavasitə fevralın 24-nə gəlincə deyə bilərik ki, Rusiya keçmişlə yaşayır, onlar üçün tarixi günlər əhəmiyyətlidir. Leninin doğum günü, Oktyabr inqilabının başlanması günü və çoxsaylı digər günləri onlar bir-birilə əlaqələndirirlər. Fevralın 24-ü ölkəmizə qarşı açıq hücumun başlanmasının ildönümü tamam olduğundan, təbii ki, onlar həmin tarixədək cəbhədə hansısa uğurlar əldə etməyə çalışacaqlar. Hazırda xalqın qarşısında hesabat vermək üçün onların bu cür uğurları yoxdur. Hər şey qanunauyğundur. Aydın olmayan heç bir şey yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, bu dövlət keçmişlə yaşayır və öz tarixini də həmin tarixi günlərlə qurmağa çalışır. Biz isə bütün bunlara hazırıq.

- Ukraynanın özünü müdafiə etmək məqsədilə Rusiyanın konkret ərazilərinə zərbə endirəcəyini gözləmək olar? Söhbət Ukraynanın tədarük ediləcəyini gözlədiyi hərbi artilleriyadan gedir. Qərb bu silahdan Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edəcəyinizdən ehtiyat edir.

- Bu sualı 2 hissəyə bölmək lazımdır. Söhbət Qərb silahlarından Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilməsindən getmir. Özümüzün istehsal etdiyimiz silahlarla milli təhlükəsizliyimizə təhdid yaradan obyektləri məhv etmək hüququmuz var. Çox sadə bir nümunə göstərim. Xarkov şəhəri Rusiya ərazisindən S-300-lərlə mütəmadi olaraq atəşə tutulur. Sizcə, Rusiya ərazisində yerləşən bu sistemləri məhv etmək hüququmuz var, ya yox? Təbii ki, var. Biz bunu Qərbin silahı ilə deyil, hazırda arsenalımızda olan öz silahlarımızla edəcəyik.

- Bu yaxınlarda cənab Reznikov Kiyevdə səfərdə olan Avropa dövlətlərinin rəhbərlərinə söz verdi ki, veriləcək silahlardan Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilməyəcək.

- Bir daha qeyd etmək istəyirəm ki, Qərb silahından Rusiya ərazisinə zərbə endirmək üçün istifadə etmirik. Öz istehsalımız olan raketlərə gəlincə, vətəndaşlarımızın təhlükəsizliyi baxımından kritik əhəmiyyət kəsb edən obyektləri məhv etməyə tam hüququmuz var. Bizim öz istehsalımız olan raketlərimiz, komplekslərimiz, PUA-larımız var. Bu silahlarla lazımi funksiyaları yerinə yetirmək mümkündür.

- Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Ramştayn formatında növbəti iclası fevralın 14-də NATO-nun Brüsseldə yerləşən mənzil qərargahında baş tutacaq. Bu görüşdən gözləntiləriniz nədir?

- Görüşlər fevralın 13-14-də keçiriləcək. Bu Ramştayn formatında sayca 9-cu görüş olacaq. Onu deyə bilərəm ki, tərəfdaşlarımızın dəstəyi getdikcə artır. Əgər işğalın ilk dövrlərində çox az yardım alırdıqsa, hər ay yardımın həcmi artmaqdadır. Həmin vaxt biz NLAW, “Javelin”, “Stinger” və “Bayraktar” istəyirdik. Hazırda hərbi slenqimiz genişlənib. Artıq leksikonumuza tərəfdaşlarımızın bizə verdiyi “Patriot”, “777”, “AHS Krab”, “Zuzana” kimi silahların adları daxil olub. Bu silahlardan bizi məhv etməyə çalışan terrorçu dövlətə qarşı mübarizə aparmaq üçün istifadə edirik.

- Hazırda Ukraynanın müasir zərbə dronları ilə təchizatı hansı səviyyədədir? Ukraynaya “Bayraktar” PUA-larının yeni partiyasının tədarükü gözlənilirmi?

- Ukraynada hazırda “Bayraktar” PUA-ları var və onlardan istifadə edilir. Doğrudur, indi bu dronlar barədə az danışılır, çünki bir daha xatırlatmaq istərdim ki, onlar müharibənin əvvəlində istifadə olunan, sizə bəhs etdiyim 4 vasitədən biri idi. Bu dronlar mühüm əhəmiyyət kəsb edirdi, çünki bizim başqa silahlarımız yox idi. Odur ki, tərəfdaşlarımıza, vəziyyətin ən çətin olduğu dövrdə bizə yardım göstərən türkiyəli dostlarımıza minnətdarıq. Sizə kömək edildiyini anlamaq çox vacibdir. Bir məsələyə də diqqət çəkmək istərdim: “Bayraktar” dronları Rusiyanın təcavüzə başladığı ilk dövrlərdə torpaqlarımıza soxulan rusiyalıların məhv edilməsində mühüm rol oynamışdı. Üstəlik, hazırda bu dronlar böyük işlər görür. Amma bu barədə danışa bilmərəm. Onlar hər zaman iş başındadır. İndi biz sizinlə söhbətləşən zaman onlar işləyir.

- Ukraynada ölkənin işğal olunmuş ərazilərinin azad edilməsi üçün hücum əməliyyatının həyata keçirilməsi məqsədilə tank briqadalarının formalaşdırılması necə gedir? Xüsusilə, Ukraynada müzakirə olunan “Leopard” və “Abrams” tanklarının tədarükü gözlənilirmi?

- “Abrams”lara gəlincə, bu tankların Ukraynaya tədarükünə bir az vaxt lazım olacaq. Amma “Leopard” tankları daha tez bir vaxtda tədarük oluna bilər. Bundan başqa, hazırda hərbçilərimizə bu tanklardan necə istifadə olunması ilə bağlı təlimlər keçirilir. Bu məqamda qeyd edək ki, əgər Qərb ölkələrinin hərbçiləri üçün təlimlər 3-5 ay ərzində həyata keçirilirsə, bizim hərbçilər bu təlimləri təxminən 3-4 həftəyə başa vururlar. Bu isə indiki dövrdə çox vacibdir və bizim prosesimizdə mühüm rol oynayır, çünki təəssüf ki, bizdə bu silahların olmaması üzündən hər gün vətəndaşlarımızı itiririk. Əminəm ki, tanklar gözləniləndən daha tez tədarük olunacaq.

- Düzgün başa düşdümsə, onların yaxın vaxtlarda tədarükü gözlənilmir. Belədirmi? Cənab Zelenski bu yaxınlarda bildirmişdi ki, bu tankların tədarükü yay aylarında baş tutarsa, bu, Ukrayna üçün çox gec olacaq.

- Fikrimcə, yaydan xeyli tez olacaq.

- Ötən ilin yay ayları ilə müqayisədə hiss olunur ki, Ukrayna ordusu qışda, xüsusilə yeni yaşayış məntəqələri istiqamətində əks-hücumları ləngidir. Yaxın gələcəkdə Ukraynanın yeni əks-hücumları gözlənilirmi? Mən bir ay əvvəl Donetsk vilayətinin Baxmut şəhərində idim. Əgər bir ay bundan əvvəlki dövrlə bir həftə qabaqkı dövrü müqayisə etsək, orada vəziyyətin çox çətin olduğunu, rusiyalıların ciddi şəkildə hücuma keçdiklərini söyləyə bilərik.

- Onlar ötən ilin oktyabrından əvvəlki dövrə, yəni Putin soyadlı öz Hitlerlərinin ad gününə qədər Baxmutu tutmağı çox istəyirdilər. Onlar buna nail ola bilmədilər. Bu ilin fevral ayında isə bu istiqamətdə xeyli sayda silah, hərbçi toplayıblar, çünki onlar bir tarix müəyyənləşdiriblər və bu, onlar üçün simvolik məsələdir. Bəli, orada vəziyyət çətindir. Biz həftədə 2-3 dəfə Ali Baş Komandan Qərargahının iclasını keçiririk. Bu iclaslara son üç aydır ki, Baxmut istiqamətindəki vəziyyətlə başlayırıq, çünki Baxmut bizim üçün ölkəmizin digər yaşayış məntəqələri kimi, çox vacibdir. Əgər hərbçilər hər hansı bir səbəbə görə qərara gəlsələr ki, üç addım irəli getmək üçün bir addım geri çəkilməliyik, biz bunu edəcəyik. Hücuma gəlincə, biz Krım daxil olmaqla, ərazilərimizi azad edəcəyik, torpağımıza soxulan rus şərini buradan çıxaracağıq. Bu gün bəzi fiqurlar gizli şəkildə çox ciddi işlər görürlər. Onlar bizə Şimali Koreya ilə Cənubi Koreya arasında olan 38-ci paralellə bağlı variantı təklif etməyə çalışacaqlar. Bu gün özlərini siyasi texnoloq adlandıran medvedçuklar, müxalif platformanın, daxili cəbhənin üzvləri fəallaşıblar. Onlar bu məsələ ilə məşğul olmağa, danışıqlar aparmağa, görüşlər keçirməyə çalışırlar. Yalnız onu deyə bilərəm ki, bu, heç vaxt baş verməyəcək. Biz bunu etməyəcəyik, cəmiyyətimiz heç vaxt ölkəmizin parçalanmasına razı olmayacaq. Konstitusiyamıza görə Ukrayna vahiddir, unitardır və bu, belə də qalacaq.

- İndi gözlənilənlərin əksinə olaraq, düşmənin Kiyevə və digər vilayətlərə növbəti genişmiqyaslı hücumu gözlənilirmi? Yaxud, bu, baş verməyəcəksə və Kiyevdə, digər vilayətlərdə vəziyyət sakit olacaqsa, Kiyev vilayəti daxil olmaqla, ölkənin digər Qərb vilayətlərində yaxın vaxtlarda hərbi vəziyyətin ləğv edilməsi gözlənilirmi?

- Onların Kiyev şəhərini tutmağa gücü yoxdur. Üstəlik, cəmiyyətimiz buna imkan verməyəcək. Qərb vilayətlərinə gəlincə, onlar bu regionlarda silah tədarükü yollarını kəsməyə çalışacaqlar. Biz isə belə bir ssenariyə hazırlaşırıq. Biz nələrin baş verdiyini anlayırıq və layiqli cavab verəcəyik. Diqqətinizə çatdırmaq istərdim ki, ötən il fevralın 24-də Rusiya ilə müharibənin aktiv fazası başlayan zaman – Rusiya Federasiyası ilə müharibə on illiklər, hətta yüz illiklər ərzində davam edir – heç kəs bizə inanmırdı. Hamı düşünürdü ki, biz qısa müddət ərzində bu müharibədə məğlub olacaq, məhv ediləcəyik. Bununla bağlı Putinin hamını aldatdığını gizlətmək lazım deyil. Hər kəs Putinin güclü olmasına, onun dünyanın ikinci ən güclü ordusuna sahib olmasına və Ukraynanı özünə götürəcəyinə inanmışdı. Biz isə sübut etdik ki, ölkəmizi müdafiə etməyə qadirik və bundan sonra da müdafiə edəcəyik. Üstəlik, bütün tarixi ərazilərimizi geri qaytaracağıq. Mən “tarixi ərazilər” söz birləşməsinə diqqət ayırmaq istərdim. Bu, bizim vəzifəmizdir və belə də olacaq.

Son xəbərlər

Orphus sistemi