Türkiyənin zərbə PUA-ları Almaniyanı təşvişə salıb: “Hansı tədbirlər görülür?”

Türkiyənin zərbə PUA-ları Almaniyanı təşvişə salıb: “Hansı tədbirlər görülür?” Türkiyə istehsalı olan zərbə pilotsuz uçuş aparatlarının (PUA) İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ordusunun darmadağın edilməsində oynadığı həlledici rol Almaniyada gündəmdən düşmür.
Hərbi
163
3 Fevral , 2021 16:36
Türkiyənin zərbə PUA-ları Almaniyanı təşvişə salıb: “Hansı tədbirlər görülür?”

Türkiyə istehsalı olan zərbə pilotsuz uçuş aparatlarının (PUA) İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ordusunun darmadağın edilməsində oynadığı həlledici rol Almaniyada gündəmdən düşmür.

“Report” xəbər verir ki, almaniyalı deputatlar, bu ölkədə nəşr olunan qəzetlər Berlinin PUA istehsalı sahəsində Türkiyədən geri qaldığını etiraf ediblər.

Belə ki, Bundestaqın Müdafiə komitəsinin sədri, müxalif Azad Demokratik Partiyasından olan deputat Aleksandr Müller deyib ki, ölkənin Müdafiə Nazirliyi zərbə PUA-larına qarşı görülən hazırlıqlar barədə sorğunu cavablandırıb: “Nazirlikdən bildirilib ki, buna büdcəmiz yoxdur. Bu cavab hərbçilərimizi və özümüzü PUA və zərbə PUA-larından müdafiə etmək sahəsində böyük bir boşluq olduğunu göstərir”.

O hesab edir ki, Almaniyanın hakim Sosial-Demokrat Partiyası müdafiə büdcəsinin artırılmasına mane olur.

Almaniyanın solyönlü “Junge Welt” qəzeti “Dron supergücü Türkiyə” başlığı ilə dərc etdiyi məqalədə Ankaranın PUA sahəsində böyük üstünlük qazanmasının “Qərbin embarqoları” sayəsində mümkün olduğunu vurğulayıb.

“Hər şey qeyri-rəsmi boykotla başlayıb. 2016-cı ildə Türkiyə NATO-dan hərbi dronlar almaq istəyib. Ancaq ABŞ və İsrail bunları təmin etməyə hazır olmayıb. Sonra türk firmaları işə girişib. Beləliklə, “TAI-Anka” ilə “Bayraktar” dronları artıq beynəlxalq sektorun ən inkişaf etmiş məhsularına çevrilib”, - yazıda bildirilib.

Qəzet PUA və zərbə PUA-larının İsrailin müşahidə dronları ilə İkinci Qarabağ müharibəsində həlledici rol oynadığına toxunub: “Burada yalnızca müharibə üçün silah istehsaletmə və təhvilvermə bacarığı deyil, eyni zamanda hərbi baxımdan ümidverici bir şəkildə istifadəetmə bacarığı nümayiş etdirilib. Bu da Ankaraya regional mühitdə həlledici və gerçək güc artımını təmin edib”.

Məqalədə qeyd edilib ki, Türkiyənin “Roketsan” şirkəti bəzi hərbi texnologiyaları Almaniyadan alır, ancaq sonra özünün istehsaletmə gücünə çatdırıb.

Ölkənin “Frankfurter Allgemeine Zeitung” qəzeti isə Türkiyənin hərbi PUA-larının gücünü belə şərh edib: “Ermənistanın Dağlıq Qarabağdakı müharibənin qısa müddətdə uduzması PUA-lara qarşı müdafiəsinin olmaması ilə bağlıdır”.

Digər yayım orqanı “NetzPolitik” isə Türkiyənin Almaniya təcrübəsindən yararlandığını bildirib: “1972-ci ildən etibarən Almaniyada raket kimi atılan PUA-ları var, CL-89-lar olub. Bu, birinci nəsil PUA-lar Türkiyəyə də ixrac edilib və 1994-cü ildə türkiyəli nümayəndələrə təlim keçirilib. Çox sayda qəzalar səbəbindən bu sistem dövriyyədən çıxarılıb. Ancaq Türkiyənin zərbə və müşahidə PUA-ları proqramının əsasını qoyub”.

Ötən gün Türkiyənin milli müdafiə naziri Almaniyaya səfər edib. O, almaniyalı həmkarı Anneqret Kramp Karrenbauergörüşüb.

Görüşün yekunlarından danışan H.Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri ilə Almaniya ordusu arasında ehtiyac olan müxtəlif silah sistemləri, lazımi vasitələr və ehtiyat hissələri məsələsində yaxından əməkdaşlıq mövcuddur: “Qarşımızdakı zamanda bu mənada müsbət proseslər gözləyirik”.

H.Akar həmçinin ölkəsinin PUA istehsalında əhəmiyyətli səviyyəyə çatdığını vurğulayıb: “PUA məsələsi daxil bir çox mövzuda Türkiyə ilə Almaniyanın əməkdaşlıq edəcəyini vurğuladıq”.

Nazir Almaniyanı dost ölkə, dəyərli müttəfiq və tərəfdaş kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi