Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Milli Mətbuat Günü ilə əlaqədar müxtəlif mətbuat orqanlarının əməkdaşlarının, həmçinin Vətən Müharibəsində səfərbərlik çağırışı ilə ordu sıralarına çağırılmış jurnalistlərin iştirakı ilə tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək milli mətbuatın keçdiyi inkişaf mərhələlərindən danışıb.
44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etməsinin hərb tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb.
Hərbi əməliyyatlar zamanı media nümayəndələrinin döyüş bölgələrindən reportajlar hazırlamalarının, beynəlxalq aləmə erməni terrorizminin mahiyyətini çatdırmalarının informasiya savaşında ölkəmizin mövqelərinin güclənməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat orqanları arasında daimi əməkdaşlıq münasibətlərinin formalaşdığını və uğurla davam etdiyini vurğulayaraq, mətbuat nümayəndələrinə müstəqil Azərbaycanımızın inkişafı naminə şərəfli və çətin fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.
Qeyd edək ki, media orqanlarının cəbhə bölgələrində çalışan əməkdaşları, Vətən müharibəsində döyüşçü kimi iştirak etmiş jurnalistlər, Xidmətlə yaxından əməkdaşlıq edən mətbuat nümayəndələri, hərbi bloggerlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general –polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplom, fəxri fərman və xatirə plaketləri ilə, həmçinin şəhid jurnalistlər Abışov Sirac Abış oğlu və İbrahimov Məhərrəm Əli oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif olunublar.
Təltif olunanlar arasında "Report"un əməkdaşları - Mirsəid Bayramov (Səid Qərib) və Səbuhi Məmmədov da var.