Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə icra etməlidir.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
"Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir", - məlumatda vurğulanıb.