Füzulidəki yüksəkliklərin ələ keçirilməsi digər ərazilərin azad edilməsində strateji əhəmiyyətə malik idi - MEDİATUR

Füzulidəki yüksəkliklərin ələ keçirilməsi digər ərazilərin azad edilməsində strateji əhəmiyyətə malik idi - MEDİATUR Füzulinin işğaldan azad olunmasının dördüncü ildönümü münasibəti ilə rayon ərazisinə mediatur təşkil olunub.
Hərbi
17 Oktyabr , 2024 09:01
Füzulidəki yüksəkliklərin ələ keçirilməsi digər ərazilərin azad edilməsində strateji əhəmiyyətə malik idi - MEDİATUR

Füzulidəki yüksəkliklərin ələ keçirilməsi digər ərazilərin azad edilməsində strateji əhəmiyyətə malik idi.

"Report"un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Füzulinin işğaldan azad olunmasının dördüncü ildönümü münasibəti ilə rayona təşkil edilən mediaturda bildirilib.

Müdafiə Nazirliyinin təşkil etdiyi mediaturda media nümayəndələri, hərbi ekspertlər və Vətən müharibəsində döyüşmüş hərbçilər iştirak ediblər.

Rayon ərazisində yerləşən Məngələnata yüksəkliyi və bu yüksəkliyin müharibə zamanı strateji əhəmiyyəti barədə jurnalistlərə məlumat verilib. Bildirilib ki, bu yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçməsi digər ərazilərin də işğaldan azad olunmasına şərait yaradıb.

Mediatur çərçivəsində Vətən müharibəsində bu ərazilər uğrunda gedən döyüşlərdə iştirak etmiş hərbi qulluqçular öz döyüş yollarından danışıblar.

Azərbaycan Ordusunun zabiti, "N" saylı hərbi hissənin hərbi qulluqçusu deyib ki, müharibədə düşmənin müqavimətini yarmaq üçün başlayan döyüşlər ilk dəfə Füzuli istiqamətində olub:

"Füzuli rayonu və burada yerləşən yüksəkliklər strateji əhəmiyyətə malik idi. Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən, ordumuz Füzuli istiqamətində irəlilədi. Ərazinin daha bir əhəmiyyəti də Zəngəzura və Qarabağa gedən təminat, kommunikasiya yollarının buradan keçməsi idi. Qüvvələrimiz düşmənin müqavimətini asanlıqla qıraraq Məngələnata yüksəkliyi və digər adsız yüksəklikləri ələ keçirdi. Ön xətdə irəliləyən bölmələrə digər qoşun növləri də yardım edirdi. Birgə və koordinasiyalı şəkildə aparılan əməliyyatlar, döyüşlər nəticəsində Füzulidə düşmən qüvvələr məhv edildi, bir qismi də qaçmağa məcbur oldu.

Həmçinin, ordumuz Qubadlı və Zəngilan istiqamətində də düşmənə sarsıdıcı zərbələr endirdi. Onlar təşviş içində olduqları üçün döyüş meydanından qaçırdılar. O ərəfədə Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan torpaqlar barədə verdiyi məlumatlar bizi daha da ruhlandırırdı".

Azərbaycan Ordusunun Vətən müharibəsində iştirak etmiş digər hərbi qulluqçusu bildirib ki, əsasən Füzuli istiqamətində döyüşüb:

"Mən müharibə zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətində döyüşmüşəm. Artilleriya silahları ilə düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirirdik. Onlar da öz mövqelərini qoyub qaçmağa məcbur olurdular. Orduda yüksək səviyyədə döyüş ruhu var idi. Hər bir hərbi qulluqçu öz vəzifəsini daha yaxşı yerinə yetirməyə çalışırdı. Təbii ki, çətinlik də var idi, amma bu, bizim qələbəyə doğru irəliləməyimizə mane ola bilməzdi".

44 günlük Vətən müharibəsinin daha bir iştirakçısı isə qeyd edib ki, Ali Baş Komandanın verdiyi bütün tapşırıqları layiqincə yerinə yetirməyə çalışıblar:

"Biz Füzuli, Xocavənd, rayonları, eləcə də Alxanlı, Qaraxanbəyli və Hacıveysəlli kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişik. Bu ərazilərdə şiddətli döyüşlər gedirdi. Biz qısa müddətdə düşmənin müqavimətini qıraraq irəlilədik. Fəxr edirəm ki, yenə də bu torpaqlarda xidmət edirəm".

Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağ və ətraf rayonlarda başlatdığı əks-hücum əməliyyatı ilə start götürən Vətən müharibəsi nəticəsində oktyabrın 17-də Füzuli şəhəri Ermənistanın işğalından azad edilib.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi